Şəhər trasında asfaltın temperaturu gözlənilən səviyyədə olub və təxminən 14 dərəcə təşkil edib.
Pirelli Motorsport-un direktoru Dario Marrafuski bildirib ki, komandalar bugünkü məşq sessiyasında əsasən yarış simulyasiyalarına diqqət yetirərək Qran Priyə hazırlıq üçün ilkin məlumatlar toplayıblar: “Bütün təkər qarışıqlarında aşınma çox məhdud səviyyədə idi. Toplanan məlumatlara əsasən, Soft təkərlər yarış üçün ən səmərəli seçim kimi görünür. Onlar daha yaxşı ilişmə təmin edir və işçi temperaturuna daha tez çatır.
Nəzəri baxımdan, Soft təkərlərlə start götürüb pit-stop zamanı Medium təkərlərə keçmək bir pit-stoplu strategiya üçün ən əlverişli variantdır. Pit-stop pəncərəsi 22-ci və 28-ci dövrələr arasındadır. Yumşaq təkərlərin işçi temperaturuna tez çatması bəzi komandaları ikinci hissədə də bu tərkibdən istifadə etməyə sövq edə bilər.
Digər mümkün variantlar Hard təkərlərlə start götürüb Soft və ya Medium təkərlərə keçidi nəzərdə tutur. Lakin bu strategiya əvvəlcədən daha yavaş görünür və çox komandanın belə seçim edəcəyini düşünmürəm.
Bugünkü sürüşlərin diqqətçəkən məqamlarından biri əyləc zamanı təkərlərin tez-tez bloklanması idi. Təkərin səthində yaranan yastı nahiyə həm sürətə, həm də yarış strategiyasına ciddi təsir göstərə bilər. Buna görə də pilotlar təkərlərlə xüsusilə ehtiyatlı davranmalıdırlar.
Uzun dövrə seriyalarının ilkin mərhələsində ön təkərlərdə yüngül dənlənmə əlamətləri də müşahidə etdik. Lakin bu hal məhdud xarakter daşıyırdı. Trasın vəziyyəti yaxşılaşdıqca qranullaşmanın azalacağını və yarışın gedişinə həlledici təsir göstərməyəcəyini gözləyirik”.






Şərh əlavə et