Lakin Antonellinin start cəzası səbəbindən Las-Veqas Qran Prisinə ilk yerdən Maks Ferstappen başlayacaq.
Las-Veqas Qran Prisi Bakı vaxtı ilə 22 noyabr, bazar günü saat 08:00-da keçiriləcək.
Q1: Rassell yenə liderdir, Antonelli onun ardınca gəlir
Sıralanma turundan əvvəl Las-Veqasda havanın temperaturu 13°C, trasın temperaturu isə 15°C olub.
Yaşıl işıqların yanması ilə sürücülər Cadillac avtomobillərinin öncüllüyündə trasa çıxmağa başlayıblar.
Sessiyanın ilk dəqiqələrində Rafael Kamaranın ilk döngədə fırlanması qısa müddətə sarı bayraqların dalğalanmasına səbəb olub. Lakin sürücü problemsiz şəkildə hərəkətini davam etdirib.
İlk cəhdlərdən sonra Maks Ferstappen 1:35.276 nəticə ilə zaman cədvəlinə başçılıq edib. Corc Rassell ondan 0,3 saniyə geri qalıb.
Liderlik bir neçə dəfə əl dəyişdirib. Q1-in sonunda damalı bayraq dalğalananda Corc Rassell 1:34.664 nəticə ilə birinci yerdə qərarlaşıb. Onun ardınca komanda yoldaşı və dünya çempionu Kimi Antonelli, üçüncü pillədə isə Şarl Lekler yer alıb.
Maks Ferstappen və komanda yoldaşı Ayzek Hacar ardıcıl sıralansalar da, Lando Norris onları ilk üçlükdən ayırıb.
Bu mərhələdə Haas, Cadillac və Aston Martin pilotları mübarizəni dayandırıblar.
Q2: Ferstappen liderdir, Ferrari pilotları mübarizədən kənarda qalıb!
FIA-nın üzləşdiyi proqram təminatı problemi səbəbindən Q2 sessiyası planlaşdırılandan bir neçə dəqiqə gec başlayıb.
İkinci mərhələnin startı veriləndə trasa ilk çıxan Ayzek Hacar olub. İlk cəhdlərdən sonra Hacar ikinci pilləyə yüksəlib, komanda yoldaşı Maks Ferstappen isə liderliyi ələ alıb.
İlk döngədə təkərlərini bloklayan Lyuis Həmilton trasdan çıxıb və ilişmə səviyyəsindən şikayətlənib. Oskar Piastri isə 1:34.966 nəticə ilə liderliyə yüksəlib.
Q2 başa çatanda 1:34.394-lük dövrə ilə ilk yeri Maks Ferstappen tutub. Pyer Qasli ikinci, Corc Rassell isə üçüncü olub. Onların ardınca McLaren pilotları qərarlaşıblar.
Antonelli son anda Q3-ə vəsiqə qazanıb. Bu mərhələnin ən diqqətçəkən hadisəsi isə hər iki Ferrari pilotunun mübarizədən kənar qalması olub. Audi və Williams sürücüləri də sıralanma turunu başa vurublar.
Q3: Antonelli poul mövqeyində, Ferstappen ikinci yerdə
13 dəqiqəlik geri sayımın başlaması ilə sıralanma turunun Q3 mərhələsinə start verilib. Sürücülər poul mövqeyi uğrunda mübarizə üçün vaxt itirmədən trasa çıxıblar.
İlk cəhdlərdən sonra 1:34.151 nəticə ilə müvəqqəti poul mövqeyini Maks Ferstappen tutub. Lando Norris isə 0,173 saniyə geridə ikinci yerdə qərarlaşıb.
İlk dövrələrdən sonra qaraja qayıdan pilotlar son cəhdləri üçün yenidən trasa çıxıblar.
Hava kisəsi uğrunda mübarizə sıralanma turunun hazırlıq dövrəsini, demək olar ki, yarışın ilk dövrələrinə çevirib. Bir neçə avtomobil eyni anda yanaşı hərəkət edib.
Bu qarışıqlığın ardından Las-Veqasda damalanmış bayraq dalğalananda 1:33.893 nəticə ilə poul mövqeyinin sahibi Kimi Antonelli olub.
Maks Ferstappen ikinci, Corc Rassell isə üçüncü yeri tutub. Onların ardınca müvafiq olaraq Lando Norris və Ayzek Hacar qərarlaşıblar.






Şərh əlavə et