Həftəsonunun ilk sessiyasından əvvəl Las-Veqas trasında yağışlı hava şəraiti hökm sürüb. Havanın temperaturu 12°C, trasın temperaturu isə 14°C olub.
Saat 03:30-da ilk sərbəst yürüşə start verilsə də, ilk dəqiqələrdə komandalar boksda qalmağa üstünlük veriblər.
Trasda görünən ilk pilot Cadillac sürücüsü Serxio Peres olub. Onun bolidində yağış təkərləri quraşdırılmışdı.
Peres boksa qayıtdıqdan sonra yağış daha da güclənib və pilotlar gözləməyi üstün tutublar.
Sessiyanın 20-ci dəqiqəsi geridə qaldıqdan sonra Ryo Hirakava trasa çıxıb. Onun bolidində də yağış təkərləri var idi. Rafael Kamara da trasa çıxaraq onu izləyib. Lakin hər iki pilot bir dövrədən sonra yenidən boksa qayıdıb.
Sessiyanın ortasına çatdıqda trasa çıxan pilotların sayı hələ də az idi. Bu siyahıya Valtteri Bottas da qoşulub. İlk dörd komandadan trasa çıxan ilk pilot isə Dino Beqanoviç olub. O, bu sessiyada Lyuis Həmiltonun bolidini idarə edib.
Fernando Alonsonu əvəz edən Cek Krouford da yağışlı şəraitdə trasa çıxaraq məlumat toplamağa çalışıb.
Pilotlar trasla tanışlıq dövrələri vurmağa davam etsələr də, bu cəhdlər uzun sürməyib.
Sessiyanın başa çatmasına 15 dəqiqə qalmış Şarl Lekler də trasa çıxıb. Həmin vaxt zaman cədvəlinə Serxio Peres başçılıq edirdi. Haas pilotları isə ikinci və üçüncü yerlərdə qərarlaşmışdılar.
Qalan dəqiqələrdə də pilotlar trasa çıxsalar da, ciddi nəticə göstərə biləcək dövrələr vura bilməyiblər. Damalı bayraq yellənəndə sessiyanın lideri Serxio Peres olub.
Haas komandası Ryo Hirakavanın liderliyi ilə ikinci və üçüncü yerləri tutub. Valtteri Bottas dördüncü olub.
Lyuis Həmiltonu əvəz edən Dino Beqanoviç isə ilk beşliyi tamamlayıb.






Şərh əlavə et