Formula 1-in 2030-cu il mövsümündə V8 mühərriklərinə qayıtmaq planı pilotların da müzakirə mövzusuna çevrilib.
Maks Ferstappen De Telegraaf-a açıqlamasında yeni mühərrik konsepsiyasını müsbət qiymətləndirib, lakin özünün turbosuz V10 mühərriklərinə üstünlük verdiyini deyib.
Niderlandlı pilot 2015-ci ildə, turbo-hibrid mühərriklər dövrünün başlamasından bir il sonra Formula 1-də debüt edib. Buna görə də karyerası ərzində V8 mühərrikli F1 bolidini idarə etməyib.
V8-lərə qayıdış qərarını dəyərləndirən Ferstappen daha köhnə mühərrik arxitekturasına üstünlük verəcəyini bildirib: “Qərar məndən asılı olsaydı, turbonu da ləğv edər və V10 mühərriklərinə qayıdardıq. Amma bunun real olmadığını bilirəm”.
Ferstappen turbosuz V10 mühərriklərinin daha çox yanacaq sərf edəcəyinə və buna görə də bolidlərdə daha böyük yanacaq çənlərinə ehtiyac yaranacağına diqqət çəkib. Yarış zamanı yanacaq doldurmağa icazə verilməməsinin də bu seçimi çətinləşdirəcəyini vurğulayıb.
Niderlandlı pilot mühərriklərin səsinin tras seçimlərinə də təsir göstərə biləcəyini deyib: “Turbo olmadan yanacaq sərfiyyatı xeyli artar. Buna görə də yarış zamanı yanacaq doldurmaq mümkün olmadığından daha böyük çənə ehtiyac yaranar. Bundan başqa, mühərriklər çox səs-küylü olsa, bəzi traslarda yarış keçirilməsinə mane olan qaydalar qüvvəyə minə bilər”.






Şərh əlavə et