Cadillac amerikalı test pilotu Kolton Hertanı vaxtından əvvəl əsas komandaya yüksəltmək planından imtina edərək, 2027-ci ildə də Valtteri Bottas və Serxio Peres cütlüyü ilə davam etmək qərarına gəlib.
Komanda yoldaşı Pereslə müqayisədə lazımi tempi tapmaqda çətinlik çəkən Bottasın gələcəyi son vaxtlar sual altında idi. Cadillac-ın əsas səhmdarı olan TWG Motorsports-un baş direktoru Den Tovrissin Hertaya şans vermək ehtimalını nəzərdən keçirdiyi də məlum idi.
26 yaşlı amerikalı pilotun FIA superlisenziyası üçün tələb olunan 40 xalı toplaması məqsədilə F2 proqramına və ilk sərbəst yürüşlərdə iştirakına ciddi sərmayə qoyulsa da, rəhbərlik bir daha təcrübəyə üstünlük verib.
Məlumata görə, avtomobildəki etibarlılıq problemləri səbəbindən Bottasın performansını obyektiv qiymətləndirmək mümkün olmayıb. Den Tovriss və komanda rəhbəri Marçin Budkovski finlandiyalı pilotun təcrübəsinin komandaya daha çox fayda verəcəyi qənaətinə gəliblər.
Beləliklə, Cadillac ilkin razılaşmada nəzərdə tutulduğu kimi, 2027-ci ildə də start düzümündə iki təcrübəli pilotla təmsil olunacaq.






Şərh əlavə et