2026-cı il bolidləri Malayziya və Sinqapur Qra Prilərindən sonra Braziliya Qran Prisində ilk dəfə tamamilə yaş asfaltda keçirilən sıralanma turunda və yarışda trasa çıxıblar. Bu müddətdə Pirelli-nin yağış və keçid təkərləri də ilk ciddi sınağından keçib.
Sıralanma turu trasın bəzi döngələrində suyun toplanması səbəbindən bir saatdan çox dayandırılıb. Suda sürüşmə (aquaplaning) riski pilotları birinci sessiyada yağış təkərlərindən istifadə etməyə, daha sonra isə keçid təkərlərə keçməyə məcbur edib.
Yarış isə quru şəraitdə keçən orta hissə istisna olmaqla, keçid təkərlərlə başlayıb və eyni təkərlərlə də başa çatıb. Beləliklə, 2026-cı il nəsli bolidlərin yaş asfaltdakı performansı ilə bağlı ilk narahatlıqların böyük hissəsi aradan qalxıb.
Braziliyadakı yarış maraqlı mübarizəyə səhnə olub. Pirelli-nin yağış təkərləri də düzgün iş temperaturu diapazonunda gözlənildiyi kimi performans göstərib. Bununla belə, pilotlar bu il daha sərt quruluşa malik olan keçid təkərlərin aşağı temperaturda performansının yaxşılaşdırılmalı olduğu qənaətindədirlər.
İnterlagos təqvimdə təkərləri iş temperaturuna çatdırmağın ən asan olduğu traslardan biridir. Buna görə də bəzi pilotlar qarşıdakı Las-Veqas şəhər trası kimi təkərlərin ideal temperatura çatmasının daha çətin olduğu traslarda Pirelli-nin hazırkı təkərlərinin kifayət etməyəcəyindən narahat olduqlarını bildiriblər.
FIA-nın rəsmi hava proqnozu hələ açıqlanmayıb. Lakin proqnozlar cümə axşamı keçiriləcək ilk sərbəst yürüşdə yağış ehtimalının 50 faizdən çox olduğunu göstərir. Sonrakı sessiyalarda isə hava şəraitinin daha quru olacağı gözlənilir.
McLaren pilotu Norris keçid təkərlərin kifayət qədər isinmədiyi hallarda lazımi performansı göstərə bilmədiyini bildirib. O, Las-Veqasda yağışlı sərbəst yürüş sessiyasının kifayət qədər “qorxulu” ola biləcəyini deyib.
Formula 1-in yeni texniki qaydalar dövründə ilk ciddi yağışlı həftəsonunu dəyərləndirməsi istənilən Norris Motorsport.com-a açıqlamasında belə danışıb: “Təkərlər soyuduqda vəziyyət həqiqətən pisləşir. Qızdırma dövrəsində soyuduqları zaman özlərini dəhşətli hiss etdirirdilər. Lakin yaxşı iş temperaturu diapazonuna çatdıqda hər şey qaydasında olur.
Buna görə də əsas qorxulu məqam Las-Veqasa gedəndə təkərləri heç cür qızdıra bilməmək ehtimalıdır. Hazırkı təkərlərdən daha yaxşısına ehtiyacımız var”.
Maks Ferstappen də təkərlərin iş temperaturu diapazonunun həddindən artıq dar olduğuna diqqət çəkib.
Niderlandlı pilot bildirib: “Düşünürəm ki, əsas problem iş temperaturu diapazonunun bir qədər dar olmasıdır. Təkərlər isti olduqda problem yoxdur, ancaq soyuduqda sanki daşa çevrilərək sərtləşirlər.
Bunun üzərində işləməli və həm yağış, həm də keçid təkərlərin daha geniş iş temperaturu diapazonuna malik olmasını təmin etməliyik. Beləliklə, təkərləri daha asan işlək vəziyyətə gətirə və daha güclü yağış altında belə trasa çıxa bilərik”.
Williams komandasının pilotu Karlos Sayns da Pirelli-nin həm aralıq, həm də yağış təkərlərini təkmilləşdirməli olduğunu düşünür.
Sayns deyib: “Düşünürəm ki, yağış və keçid təkərlərin performansı kifayət qədər yaxşı deyil. Daha yaxşı təkər hazırlamaq üçün Pirelli ilə birlikdə işləməliyik. Dəyişkən hava şəraitində arxa təkərlərin aralıq təkərlərlə göstərdiyi performans hələ də çox zəifdir.
Təkərlər isinənə qədər ön təkərlər artıq performansını itirmiş olur. Yağış təkərlərinə gəlincə, yarışda çoxlu suda sürüşmə halları yaşadıq və arxa tərəfdə ciddi ilişmə çatışmazlığı var idi. Hər iki təkər növünün bir qədər də təkmilləşdirilməsinə ehtiyac var”.
Pirelli 2026-cı il mövsümündə qüvvəyə minən tamamilə yeni texniki qaydalar çərçivəsində yağış təkərlərinin hazırlanması prosesində çətinliklərlə üzləşib. Yüksək fırlanma anı yaradan güc qurğuları və aktiv aerodinamik sistemlər təkərlərə ciddi yüklənmə yaradır.
Təhlükəsizliklə bağlı narahatlıqları azaltmaq məqsədilə FIA mövsümlərarası fasilədə yaş hava şəraitində Düzlük Rejiminin qismən tətbiqinə icazə verib. Bu dəyişikliklə yalnız ön qanadın aktivləşdirilməsinə imkan yaradılıb.
Daha sonra, aprel ayında FIA yaş asfaltda elektrik mühərrikinin gücünü də azaldıb. Hesab olunur ki, bu iki tədbir 2026-cı il bolidlərinin yağış altında nisbətən təhlükəsiz yarışmasına mühüm töhfə verib. Lakin həmin dəyişikliklər Pirelli-nin 2026-cı il mövsümü üçün təkərlərin xüsusiyyətlərini müəyyənləşdirməsindən xeyli sonra həyata keçirilib.
Yağış və keçid təkərlərin ilk ciddi sınağının mövsümün bu qədər gec mərhələsində keçirilməsi Braziliyadan əldə olunan təcrübənin 2027-ci il təkərlərinə birbaşa tətbiqini də çətinləşdirir.
Bununla belə, Pirelli ilin əvvəlində apardığı təkmilləşdirmə işlərindən sonra ötən ay Manyi kör trasında mühüm yağış testi keçirib. Mercedes-in ehtiyat pilotu Frederik Vesti iki gün ərzində sınaqlarda iştirak edib. Həmin günlərdən birində tamamilə yaş asfaltda yeni aralıq təkərlər yoxlanılıb.
Pirelli-nin tras əməliyyatlarına cavabdeh mühəndislik rəhbəri Simone Berra Meksikada verdiyi açıqlamada belə deyib: “Xüsusilə keçid təkərlər üçün bəzi həlləri sınaqdan keçirdik və gələn mövsüm istifadəyə vermək istədiyimiz variantları müəyyənləşdirdik.
Hazırda məlumatları təhlil edirik. Yeni yağış təkərinin rezin qarışığını və texniki xüsusiyyətlərini homologasiya üçün təqdim edəcəyik”.
San-Pauludakı sıralanma turundan sonra danışan Pirelli Motorsport direktoru Dario Marrafuski də şirkətin 2027-ci il üçün mühüm irəliləyiş əldə etdiyini vurğulayıb.
Marrafuski bildirib: “Əlbəttə, bəzi pilotların şübhələrini çox ciddi qəbul etdik və il ərzində təkmilləşdirmə işlərimizi bu istiqamətdə davam etdirdik. İnkişaf üçün hər zaman imkan olduğunu bilirik və gələn il üçün bir sıra mühüm addımlar atdığımıza inanırıq.
Braziliyadan əldə etdiyimiz məlumatlar çox dəyərlidir. Təəssüf ki, bu məlumatları yalnız mövsümün son mərhələsində əldə edə bildik. Gələn ilin yağış təkərləri ilə bağlı təkmilləşdirmə işlərini isə artıq başa çatdırmışıq.
Manyi Kördə uğurlu sınaq keçirdik və həmin yağış testinin nəticələrini çox yaxında açıqlayacağıq”.






Şərh əlavə et