Son vaxtlar Liam Lousonun Racing Bulls-dakı gələcəyi ilə bağlı çoxsaylı şayiələr yayılmış, hətta komandanın gənc pilot Nikola Tsolovla müqavilə imzalamağa yaxın olduğu iddia edilmişdi. Komandanın Tsolova xüsusi test imkanları yaratması bu ehtimalları daha da gücləndirmişdi.
Lakin Louson, xüsusilə də son yarışlarda göstərdiyi performansla diqqət çəkməyə davam edib. Yeni zelandiyalı pilot Malayziyada keçirilən Bəhreyn Qran Prisindən bəri bütün yarışlarda ilk onluqda yer alaraq ardıcıl xal seriyasını qoruyub.
Nəticədə, onun uğurlu çıxışı komandanın qərarına təsir göstərib. Noyabrın 12-də, cümə axşamı günü Racing Bulls 2027-ci il mövsümündə də Lousonla yola davam edəcəyini açıqlayıb.
Ümidverici debüt mövsümündən sonra Arvid Lindblada da ikinci mövsüm üçün fürsət verilib. Beləliklə, ikili komandadakı əməkdaşlığını ardıcıl ikinci ilə daşıyacaq.
Komanda rəhbəri Alan Permeyn açıqlamasında deyib: “2027-ci il mövsümündə Liam və Arvidlə yola davam edəcəyimiz üçün çox xoşbəxtik.
Hər ikisi mövsüm ərzində bacarıqlarını və potensiallarını nümayiş etdirib. Onların həm fərdi, həm də komanda yoldaşı kimi necə inkişaf etdiklərini gördük.
Bu heyətin bizim üçün ən yaxşı pilot cütlüyü olduğuna heç bir şübhəm yoxdur. Birlikdə bu il əldə etdiyimiz irəliləyişi davam etdirmək, özümüzü təkmilləşdirmək və 2027-ci ildə hədəflərimizə çatmaq üçün növbəti addımı atmaq baxımından möhkəm təmələ sahibik”.
Liam Louson isə bildirib: “Gələn il də Visa Cash App Racing Bulls ilə yola davam edəcəyim üçün çox xoşbəxtəm. Birlikdə əla mövsüm keçiririk və komanda sürətli bolid hazırlamaq üçün çox çalışıb. Bu bolidi idarə etməkdən böyük zövq alıram.
Komandanın çempionatda beşinci yer uğrunda mübarizə apardığı tarixi mövsümün bir hissəsi olmaq möhtəşəm hissdir. Bu uğur həm trasda, həm də zavodda çalışan hər kəsin böyük zəhmətinin nəticəsidir.
Arvidlə birlikdə bu tempi 2027-ci ilə daşımağı səbirsizliklə gözləyirəm. Çox müsbət bir layihə qururuq və birlikdə nələrə nail ola biləcəyimiz məni həyəcanlandırır”.
Arvid Lindblad da Formula 1-dəki ilk mövsümünü çox xüsusi adlandırıb və 2027-ci ildə bu möhkəm təməlin üzərində daha böyük uğurlar qazanmağı hədəflədiyini bildirib: “Formula 1-dəki ilk mövsümümə nəzər salanda deyə bilərəm ki, mövsümöncəsi ilk testdən başlayaraq yeni təcrübələr və öyrəndiklərimlə dolu, həqiqətən də xüsusi bir il keçirmişəm.
Debüt mövsümündə qazandığım təcrübənin üzərinə yeni uğurlar əlavə etmək üçün gələn ilin başlamasını səbirsizliklə gözləyirəm. Bizi həyəcanverici bir mövsüm gözləyir və Liamla birlikdə yarışmağa davam edəcəyim üçün sevincliyəm”.






Şərh əlavə et