2025-ci ildə Red Bull-un gənc pilotlar proqramına qoşulan Tsolov qısa müddətdə ən perspektivli gənc sürücülərdən biri kimi diqqət çəkib. Həmin il Formula 3-də ikinci yeri tutan bolqar pilot Formula 2-yə yüksəlib. Mövsümün başa çatmasına iki mərhələ qalmış o, şəxsi hesabda ikinci pillədə qərarlaşıb.
Formula 2-də ilk tam mövsümünü keçirən Tsolov indiyədək altı qələbə qazanıb: dördü əsas yarışlarda, ikisi isə sprintlərdə. Onun ardıcıl üç qələbəlik seriyası Formula 2 tarixində ilk belə nailiyyət olub.
Yeni vəzifəsi çərçivəsində Nikola geniş hazırlıq proqramından keçəcək. Proqrama simulyatorda iş, cümə günləri keçirilən sərbəst yürüşlərdə iştirak, əvvəlki illərin avtomobilləri ilə testlər və şin sınaqları daxildir. Bu hazırlıq onun Formula 1-də ən yüksək səviyyədə çıxış etməyə hazır olmasını təmin etməlidir.
Red Bull Racing-in rəhbəri Loran Mekis bildirib: “Nikola istedadlı gənc pilotdur. Son illərdəki inkişafı və nəticələri bizi heyran edib.
Ötən il Formula 3-də çempionluq uğrunda mübarizə aparırdı, indi isə Formula 2-də ilk tam mövsümündə titul qazanmağa iddialıdır. Bu, onun istedadını və məqsədinə bağlılığını göstərir. Yetkinliyi, yarışlara yanaşması, daim öyrənmək və inkişaf etmək istəyi bizi xüsusilə təsirləndirib.
Nikolaya böyük inam bəsləyirik və onun Formula 1-də parlaq gələcəyinin olduğuna inanırıq. Bu müqavilə həm ona olan etimadımızı, həm də inkişafına dəstəyimizi nümayiş etdirir. 2027-ci ildə Formula 1-də çıxış etməyə hazır olması üçün ona lazımi təcrübə, imkanlar və dəstək verəcəyik.
Amma hələlik Nikola Formula 2-də qarşısında duran vacib işi başa çatdırmalıdır. Qarşıdakı iki mərhələdə ona uğurlar arzulayırıq və çempionluq mübarizəsində dəstəyimizi davam etdirəcəyik”.
Nikola Tsolov isə yeni təyinatı belə şərh edib: “Bu fürsətə görə Red Bull-a minnətdaram və çox xoşbəxtəm. Gənc pilotlar proqramına qoşulduğum gündən böyük dəstək hiss etmişəm. Həm pilot, həm də şəxsiyyət kimi ciddi inkişaf etmişəm. Karyeram inanılmaz sürətlə irəliləyib. Bu mərhələyə çatmağıma inanan və mənə kömək edən hər kəsə çox borcluyam.
Məqsədim bəllidir: Formula 1 pilotu olmaq istəyirəm. Gələn ili bu addıma hazırlaşmağa həsr etmək məni inanılmaz dərəcədə həyəcanlandırır. Komandanın dəstəyi və təcrübəsi sayəsində vaxtı çatanda Formula 1-də start götürmək üçün mümkün olan ən yaxşı hazırlığı keçəcəyimə inanıram.
Hələ öyrənməli olduğum çox şey var. Amma səylə çalışmağa, hər fürsətdən maksimum yararlanmağa və komandaya əlimdən gələnin ən yaxşısını verməyə hazıram. Hələlik əsas məqsədim Formula 2 mövsümünü mümkün qədər uğurlu başa vurmaqdır”.






Şərh əlavə et