Sao Paulo yarışından sonra danışan Mercedes pilotu mübarizənin əvvəlində fürsət gördüyü üçün böyük risklərə getdiyini və bunun əvəzini ödədiyini bildirib. Lakin pit-stop etməməsi ona yenidən mübarizəyə qoşulmaq imkanı verib.
28 yaşlı pilot Soft təkərlərlə trasın ən yüksək tempinə sahib olmalarından məmnun qaldığını vurğulayıb. Yağış güclənəndə komanda ilə birlikdə pitə daxil olmaq üçün doğru vaxtı seçdiklərini deyən britaniyalı pilot son hissədə həm özünün, həm də Kimi Antonellinin niyə temp itirdiyini araşdırmalı olduqlarını bildirib.
Yarışdan sonra Corc Rassell belə danışıb: “Yarışın əvvəlində fürsət gördüyüm üçün böyük riskə getdim və bunun əvəzini ödədim.
Belə anlarda ya çox şey qazanırsınız, ya da çox şey itirirsiniz. Bu dəfə risk bizim əleyhimizə işlədi. Maraqlısı budur ki, məhz bu hadisəyə görə pitə girmədim və bir növ yenidən mübarizəyə qayıtdım. Soft təkərlərlə isə həqiqətən çox yüksək temp göstərdim. Hətta deyərdim ki, trasın ən sürətli bolidi biz idik.
Trasda ən yüksək tempə sahib olmağımdan xeyli vaxt keçmişdi. Buna görə də vəziyyətin müsbət tərəflərini özümdə saxlayıram.
Düşünürəm ki, yağış altında təkərləri nə vaxt dəyişəcəyimizə qərar vermək bu idmanın nə qədər çətin olduğunu bir daha göstərir. Dünən səhv etdik, bu gün isə düzgün qərar verdik, rəqiblərimiz isə yanıldılar.
Son hissədə niyə temp itirdiyimizi bilmirik. Həqiqətən, bilmirik. Yağış başlayanda çox həyəcanlı idim, amma sonradan nə Kiminin, nə də mənim lazımi tempimiz var idi. Bunun səbəbini başa düşməliyik”.






Şərh əlavə et