Pirelli Motorsport-un direktoru Dario Marrafuski bildirib: “Sıralanma turları yağışlı sessiyaların necə keçdiyini aydın şəkildə nümayiş etdirdi. Əvvəlcə, şərait xüsusilə çətin olanda pilotlar güclü yağış üçün nəzərdə tutulan təkərlərdən istifadə etdilər. Son illərdə tərkiblərin təkmilləşdirilməsi istiqamətində aparılan işlər sayəsində trasda su gölməçələri yox olduqdan sonra da bu təkərlər effektivliyini qorudu. Buna görə də sonradan aralıq şinlərə keçid kifayət qədər rahat baş tutdu.
Proqnoza görə, yarış zamanı yağış yağma ehtimalı 60 faizdir. Buna görə də sıralanma turlarında gördüyümüz ssenarinin təkrarlanacağını, yəni yarışın tamamilə və ya qismən yaş trasda keçiriləcəyini istisna etmək olmaz.
Tras quru olarsa, iki pit-stoplu strategiya daha sərfəli görünür: Soft təkərlərlə iki, Medium təkərlərlə isə bir stint. Hesablamalarımıza görə, bu variant hər üç mövcud tərkibdən istifadə etməklə müqayisədə təxminən üç saniyə üstünlük verir.
Bazar günü gözlənilən temperatur azalması və cümə günü ilə müqayisədə trasda tutuşun zəifləyə biləcəyi ehtimalı daha yumşaq tərkiblərin xeyrinə işləyə bilər. Belə təkərlər daha yaxşı ilişmə təmin edir və daha tez qızır.
Bir pit-stoplu strategiya isə o qədər də əlverişli görünmür. Hesablamalara əsasən, bu variant iki pit-stoplu strategiyadan təxminən 10 saniyə geri qalır.
Bu baxımdan, pit-stopu rəqiblərindən daha tez həyata keçirməklə tətbiq olunan “undercut” taktikası mühüm rol oynaya bilər. Xüsusilə daha yumşaq tərkibə keçən pilotlar dərhal artan tutuşdan yararlanaraq trasda mövqelərini yaxşılaşdıra bilərlər”.






Şərh əlavə et