Sessiyadan əvvəl havanın temperaturu 20, trasın temperaturu isə 40 dərəcə olub. Bolidlər pit-leynində start siqnalını gözləyərkən yağış başlayıb və 18 dəqiqəlik Q1 sessiyasına start verilib.
İlk dəqiqələrdə bəzi pilotlar trasa çıxsa da, təxminən üç dəqiqə sonra yağış kəskin şəkildə güclənib və sessiya qırmızı bayraqlarla dayandırılıb. Dayandırılmadan əvvəl Antonelli bolidin ciddi şəkildə sürüşdüyünü bildirib. Liam Lousonun isə az qala fırlandığı kameralara düşüb.
Boksa qayıtdıqdan sonra Ayzek Hacar və Antonelli bolidin içində başdan-ayağa islandıqlarını və yarış kombinezonlarını dəyişmək istədiklərini deyiblər.
Oli Berman pit-leynində geriyə hərəkət etdiyi üçün stüardların araşdırmasına düşüb.
Sessiyanın Bakı vaxtı ilə 23:26-da davam edəcəyi açıqlanıb. Bütün bolidlər tam yağış təkərləri ilə pit-leynində düzülüb.
Q1: Gözlənilməz adlar ön sıralarda, Norris zirvədə
Start siqnalından sonra bolidlər trasa çıxıblar. Lakin ilk sırada olan Valtteri Bottas hələ pit-leynində olarkən balans problemi yaşayıb.
Dövrələrə başlayan bütün pilotlar radio ilə bolidin sürüşdüyünü bildiriblər. Rafael Kamara fırlanıb, lakin boliddə zədə yaranmayıb. Hadisəyə görə qısa müddətə sarı bayraqlar göstərilib.
Niko Hülkenberq 1:40.512-lik dövrə ilə liderliyə yüksələn ilk pilot olub.
Şarl Lekler 1:39.393 nəticə göstərib, lakin Maks Ferstappen 1:37.932 ilə cavab verərək zirvəyə yüksəlib. Həmilton 1:38.344-lə lazımi tempi tapa bilməyib. Fernando Alonso isə 1:36.930-lıq dövrə ilə liderliyi ələ keçirib! Louson da cüzi fərqlə ikinci pilləyə yüksəlib.
Növbəti cəhdində Ferstappen nəticəsini yaxşılaşdıraraq 1:36.724-lə yenidən lider olub. Lekler ondan cəmi 0.025 saniyə geri qalaraq ikinci yerdə qərarlaşıb. Hülkenberq isə 1:35.793-lük dövrə ilə hər ikisini geridə qoyaraq zirvəyə yüksəlib.
Qabriel Bortoleto bolidinin idarəetməsini itirərək sürüşüb və baryerlərə toxunub. Bolidə ciddi ziyan dəyməyib. Bortoleto su yığılan ot örtüyündən çıxaraq trasa qayıda bilib.
Ferstappen tempi artıraraq 1:35.477 ilə liderliyi geri alıb. Lakin Həmilton 1:34.824-lük dövrə ilə cavab verib. Bir qədər sonra Corc Rassell 1:34.373 nəticə göstərərək zirvəyə yüksəlib.
Q1-in başa çatmasına beş dəqiqə qalmış dünya çempionu Antonelli 1:33.549-luq dövrə ilə üçüncü pilləyə qalxıb.
Oli Berman 1:33.385 nəticə ilə liderliyi ələ keçirib. Ferstappen isə 1:33.074-lə cavab verərək yenidən birinci olub. Həmilton 1:33.264-lə ikinci pilləyə yüksəlib. Rassell ilk iki sektorda sürətli dövrələr göstərərək 1:32.441 nəticə əldə edib.
Alonso 1:33.022 ilə dördüncü pilləyə qalxıb, lakin Leklerin 1:32.934-lük dövrəsindən sonra beşinci yerə geriləyib.
Hülkenberq orta sektorda ən sürətli nəticəni göstərərək 1:31.693-lə liderliyə yüksəlib. Ferstappen isə 1:31.238-lə yenidən zirvəni ələ keçirib.
Q1-in son dəqiqəsində Rassell 1:31.206-lıq dövrə ilə Ferstappenin nəticəsini geridə qoyaraq liderliyə yüksəlib.
Karlos Sayns damalı bayraqdan sonra dövrəsini yaxşılaşdıraraq 14-cü pilləyə qalxıb və mübarizəni davam etdirmək hüququ qazanıb. Pyer Qasli və Franko Kolapinto sürətli dövrələrini demək olar ki, eyni anda başa vursalar da, nəticələrini yaxşılaşdıra bilməyiblər və mübarizəni dayandıranlar arasında yer alıblar.
Norris isə damalı bayraqdan sonra tamamladığı 1:30.939-luq dövrə ilə liderliyə yüksəlib.
Q1-in yekununda Franko Kolapinto, Pyer Qasli, Lance Stroll, Valtteri Bottas, Serxio Peres və Qabriel Bortoleto mübarizəni dayandırıblar.
Q2: Kamaranın qəzası səbəbindən vaxtından əvvəl başa çatan sessiyada Rassell lider olub
Qısa fasilədən sonra Q2 başlayıb. Start cəzası olan Maks Ferstappen isə trasa çıxmayıb.
Dövrəsini tamamlayan ilk pilot 1:30.597 ilə Rassell olub. Ardınca Antonelli 1:30.283, Norris isə 1:30.198 nəticə göstərib. Lekler 1:29.795-lik dövrə ilə erkən mərhələdə tempi müəyyənləşdirib. Həmilton komanda yoldaşından təxminən 0.2 saniyə geri qalıb.
Rassell 1:29.285-lik dövrə ilə liderliyə yüksəlib. Antonelli isə 1:29.644 nəticə ilə ikinci pilləyə qalxıb.
Arvid Lindblad bolidində yaranan problemə görə dayanmağa məcbur olub və sessiyanı vaxtından əvvəl başa vurub.
Hülkenberq 1:30.819-luq dövrə ilə yeddinci, Alonso isə 1:31.227 nəticə ilə onuncu pillədə qərarlaşıb.
Antonelli 1:29.302 ilə nəticəsini yaxşılaşdırsa da, ikinci yerdə qalıb.
Növbəti cəhdində Alonso 1:29.339-luq dövrə ilə üçüncü pilləyə yüksəlib. Berman 1:29.130 nəticə ilə liderliyə qalxsa da, Louson 1:27.478-lə cavab verərək zirvəni ələ keçirib. Hacar isə 1:29.121-lə ikinci pilləyə yüksəlib.
Rassell 1:26.745-lik dövrə ilə yenidən lider olub. Louson 1:27.049 nəticə ilə ikinci pillədə qərarlaşıb. Hülkenberq 1:28.361-lə ilk üçlüyə daxil olsa da, Leklerin 1:28.082-lik dövrəsindən sonra dördüncü yerə geriləyib.
Pilotlar dövrə vaxtlarını yaxşılaşdırmağa davam edərkən Kamara bolidin idarəetməsini itirərək sürətlə baryerlərə çırpılıb. Hadisədən sonra sessiya qırmızı bayraqlarla dayandırılıb.
Q2-nin başa çatmasına 45 saniyə qalmış baş verən qəzadan sonra sessiyanın davam etdirilməyəcəyi və birbaşa Q3-ə keçiləcəyi açıqlanıb.
Lyuis Həmilton, Oskar Piastri, Rafael Kamara, Arvid Lindblad, Karlos Sayns və Maks Ferstappen mübarizəni dayandıran pilotlar olublar.
Q3: Yağış səbəbindən vaxtından əvvəl başa çatan sessiyada Norris zirvədə, Mercedes pilotları arxasında
Start siqnalından sonra bolidlər trasa çıxıblar. Komandalar isə qısa müddət ərzində güclü yağışın başlayacağı barədə pilotlara xəbərdarlıq ediblər.
Rassell 1:27.674-lük dövrə ilə ilk pilləyə yüksəlib. Norris təxminən yarım saniyə fərqlə ikinci, Louson isə üçüncü yerdə qərarlaşıb.
Növbəti cəhdində Norris 1:27.470-lik dövrə vuraraq liderliyi ələ keçirib.
Sessiyanın başa çatmasına altı dəqiqə qalmış yağış başlayıb. Rassell komanda radiosu vasitəsilə narazılığını bildirib. Britaniyalı pilot yağış başlamazdan əvvəl daha bir dövrə vurmaq istədiyini, lakin komandanın onu vaxtında xəbərdar etmədiyini deyib.






Şərh əlavə et