Esteban Okonun komandadan ayrılmasından sonra Haas-da onun yerini tutan və Formula 2 çempionatında lider olan Rafael Kamara doğma ölkəsində, İnterlaqos kimi əfsanəvi trasda və coşqulu azarkeşlərin qarşısında trasa çıxmağın onun üçün çox duyğusal an olduğunu bildirib.
Gənc pilot sessiya zamanı Şarl Leklerlə yaşadığı təhlükəli təmasdan da söz açıb. O, yeni qaydalar və bolidin sazlanması ilə bağlı hələ öyrənməli çox şeyin olduğunu vurğulayıb.
İlk iki sərbəst yürüşü dəyərləndirən Kamara bunları deyib: “Burada trasa çıxmaq həqiqətən çox gözəl və xüsusi hiss idi.
İlk sərbəst yürüş daha emosional keçdi. Qarşınızda izdihamı, hər kəsin sizi dəstəklədiyini görürsünüz. Buna görə də İnterlaqosda sürmək mənim üçün çox xüsusi idi.
Bu, mənim ilk təcrübəm idi və trası tanımaq imkanı qazandım. Sadəcə tempimi artırmağa, bolidə daha çox öyrəşməyə və həftəsonunun qalan hissəsini daha yaxşı anlamağa çalışıram.
Ötən ildən bəri asfaltın bəzi hissələri yenilənib, amma ümumilikdə tras yaxşı vəziyyətdə idi. Bura kifayət qədər nahamar trasdır və buna görə də bəzən sürmək narahatlıq yarada bilir. Dediyim kimi, hər şeyi daha yaxşı anlamağa, öyrəşməyə və yadda saxlamağa çalışıram.
Bolidlə ilk təcrübəm ümumilikdə yaxşı keçdi. Əlbəttə, hələ görüləsi işlər var, amma bu gündən çox şey öyrənəcəyimizə və daha yaxşı nəticə əldə edə biləcəyimizə inanıram”.






Şərh əlavə et