Racing Bulls komandası 2024-cü ilin əvvəlində kollektivə qoşulan və 2025-ci ilin iyulundan etibarən həm komanda rəhbəri, həm də idman direktoru vəzifələrini icra edən Alan Permeyn uzunmüddətli yeni müqaviləyə imza atıb.
Britaniyalı rəhbər 2025-ci il Niderland Qran Prisində VCARB adı altında ilk podiumunu qazanan və tarixinin ən yaxşı nəticələrinə imza atan komandanın inkişafında mühüm rol oynayıb. Yeni razılaşmaya əsasən, britaniyalı mütəxəssis 2031-ci il mövsümünün sonunadək Racing Bulls-a rəhbərlik edəcək.
Müqavilənin uzadılmasından sonra Red Bull-un Korporativ Layihələr üzrə baş direktoru Oliver Mintslaff belə danışıb: “Alan möhtəşəm iş görür. Komandanın əldə etdiyi irəliləyiş onun təcrübəsinin, fədakarlığının və rəqabətçi düşüncə tərzinin birbaşa nəticəsidir.
O, Formula 1-də uğur qazanmaq üçün nəyin tələb olunduğunu çox yaxşı bilir və bunları soyuqqanlılıqla həyata keçirə bilir. Peter Bayerlə birlikdə bir-birini tamamlayan, çox güclü ikili formalaşdırıblar. Komandanın gələcək inkişafı və uzunmüddətli hədəfləri naminə bu sabitliyi və davamlılığı təmin etdiyimiz üçün çox məmnunuq”.
Müqaviləsi uzadılan Alan Permeyn isə fikirlərini belə ifadə edib: “Racing Bulls ilə bu yola davam edəcəyim üçün böyük qürur duyuram. Mənə göstərdikləri etimada görə Red Bull-dakı hər kəsə təşəkkür edirəm.
Bu komandanı xüsusi edən təkcə trasdakı uğurlarımız deyil, həm də Faentsa və Milton Kinsdəki hər kəsin bölüşdüyü ortaq ruhdur. Çempionatda beşinci yer uğrunda mübarizə aparmağımız hamımızın qürur duymalı olduğu nəticədir. Amma bu, uzun illər davam edən gərgin əməyin bəhrəsidir və hələ görəcəyimiz çox iş var.
Əlimizdə düzgün insanlar, sağlam komanda mədəniyyəti və aydın gələcək planı var. Birlikdə daha da irəli getmək üçün səbirsizlənirəm”.






Şərh əlavə et