Sessiya öncəsi komandalar hava temperaturunu nəzərə alaraq boksda bolidlərin sazlanmasını tamamlayıb. Start siqnalının verilməsi ilə bir saatlıq sərbəst yürüş başlayıb.
Bütün pilotlar vaxt itirmədən trasa çıxıblar və ard-arda sürətli dövrələr vurmağa başlayıblar. Ayzek Hacar 1:19.584 nəticə ilə ilk sıraya yüksəlib. Oli Berman isə ilk sürətli dövrəsini başa vurduqdan sonra proqram təminatı ilə bağlı problem yaşadığını bildirərək boksa qayıdıb.
İlk 10 dəqiqənin tamamında Şarl Lekler 1:18.257 nəticə ilə liderliyi ələ keçirib. Komanda yoldaşı Lyuis Həmilton 1:18.561-lik dövrə ilə ikinci, Oskar Piastri 1:18.896 nəticə ilə üçüncü olub. Bazar günü keçiriləcək yarışda dünya çempionluğunu elan etmək şansı olan Kimi Antonelli isə 1:18.899 nəticə ilə dördüncü yerdə qərarlaşıb.
İlk sürətli dövrələrdən sonra 14-cü döngədə Liam Louson və Maks Ferstappen arasında təmas yaşanıb. Döngənin xarici trayektoriyası ilə hərəkət edən Louson içəriyə doğru manevr etməyə çalışarkən Ferstappenin bolidi ilə toqquşub. Təmas nəticəsində bolidlərdə ciddi zədə müşahidə olunmayıb. Lakin trasın üzərinə səpələnən qırıntıların təmizlənməsi üçün sessiya qırmızı bayraqlarla dayandırılıb. FIA stüardları insidentin qeydə alındığını açıqlayıb.
Sessiyanın Bakı vaxtı ilə 02:18-də bərpa olunacağı bildirilib.
Qırmızı bayraqlar götürüldükdən sonra pilotlar yenidən trasa çıxıblar. Bu müddətdə sessiyanın vaxtı dayandırılmadığı üçün sərbəst yürüşə 40 dəqiqə qalmış davam edilib. Kimi Antonelli Merdium təkərlərlə 1:18.559 nəticə göstərərək ikinci yerə yüksəlib.
Lando Norris 1:18.161-lik dövrə ilə Leklerin nəticəsini geridə qoyaraq liderliyi ələ keçirib.
Lyuis Həmilton orta sektorda yaxşı temp nümayiş etdirsə də, 13-cü döngədə bolidin gücünü itirdiyini bildirib. Komanda sistemlər vasitəsilə vəziyyəti yoxladıqdan sonra britaniyalı pilota bolidi saxlamağı tapşırıb. Həmilton göstərişə əməl edərək trasın kənarında dayanıb və bolidi tərk edib. Onun bolidinin trasdan çıxarılması üçün virtual təhlükəsizlik avtomobili rejimi elan olunub.
Həmiltonun bolidi trasdan götürüldükdən sonra sessiya davam edib. Lider Norrisdən 0,096 saniyə geri qalan Lekler 1:17.966 nəticə göstərərək yenidən ilk sıraya yüksəlib.
Qısa müddət sonra Lekler 1:17.827-lik dövrə vuraraq öz nəticəsini daha da yaxşılaşdırıb. Norris 0,103 saniyə geridə ikinci yerdə qalıb. Antonelli isə 1:18.044 nəticə ilə üçüncü pilləyə yüksəlib.
Sessiyanın son 20 dəqiqəsinə daxil olarkən ilk onluqdakı bütün pilotlar məlumatların təhlili üçün boksa qayıdıblar. Bu müddətdə 14-cü yerdə olan Ferstappen 1:18.138 nəticə ilə beşinci pilləyə yüksəlib. Corc Rassell isə 1:17.933-lük dövrə ilə komanda yoldaşı Antonellini geridə qoyaraq üçüncü yerə çıxıb.
Sessiyanın son bölümündə komandalar uzun məsafəli sürüşlərə üstünlük verib və heç bir pilot dövrə vaxtını yaxşılaşdıra bilməyib. Beləliklə, damalanmış bayrağın dalğalanması ilə Lekler birinci, Norris ikinci, Rassell isə üçüncü yerdə qərarlaşıb. Bolidində problem yaşayan Həmilton sessiyanı 11-ci pillədə başa vurub.
Sessiyadan sonra Ferstappenlə Louson arasında baş verən təmasın araşdırılacağı açıqlanıb.




Şərh əlavə et