Mexiko şəhərində keçirilən sessiya zamanı havanın temperaturu 22, trasın temperaturu isə 43 dərəcə olub. Bir çox pilot qaydalara uyğun olaraq yerlərini gənc sürücülərə təhvil verdikləri üçün sessiyada iştirak etməyib.
Mercedes-də Corc Rasselli Frederik Vesti, Red Bull-da Maks Ferstappeni Ayumu İvasa, McLaren-də Lando Norrisi Leonardo Fornaroli, Racing Bulls-da Liam Lousonu Nikola Tsolov əvəzləyib. Alpine-də Franko Kolapintonun yerinə Qabriele Mini, Haas-da Esteban Okonun əvəzinə Ryo Hirakava, Audi-də Qabriel Bortoletonun yerinə Freddi Sleter, Williams-da Aleks Elbonun əvəzinə Luke Brouninq, Aston Martin-də Ləns Strollun yerinə Cek Krouford, Cadillac-da isə Valtteri Bottasın əvəzinə Kolton Herta trasa çıxıb.
Trasda ilk görünən pilot Lyuis Həmilton olub. İlk dövrələrdə bir neçə bolidə aerodinamik sensorlar quraşdırılıb. İlk sürətli dövrəsini tamamlayaraq zaman cədvəlinə başçılıq edən pilot isə 1:20.814 nəticə göstərən Kimi Antonelli olub.
Niko Hülkenberq ilk döngədə təkərlərini bloklayaraq trasdan çıxıb. Şarl Lekler isə 1:19.197 nəticə ilə liderliyi ələ keçirib. Sessiyanın ilk 20 dəqiqəsi geridə qalarkən Qabriel Bortoletonu əvəz edən Freddi Sleter hələ də zaman dövrəsi qeyd etməmişdi.
Sessiyanın yarısına yaxın Oskar Piastri də Hülkenberqin yaşadığı yerdə təkərlərini bloklayıb. Lyuis Həmilton dövrə vaxtını 1:19.137-yə qədər yaxşılaşdıraraq ilk pilləyə yüksəlib.
Trasın sürəti artdıqca pilotlar nəticələrini yaxşılaşdırmağa davam ediblər. Şarl Lekler qırmızı zolaqlı yumşaq təkərlərlə yenidən liderliyi ələ keçirib.
Sessiyanın başa çatmasına 13 dəqiqə qalmış Cek Krouford Aston Martin-in mühərrikində yaranan problem səbəbindən bolidini saxlayaraq qaraja qayıdıb. Hadisədən sonra virtual təhlükəsizlik avtomobili rejimi elan olunub.
Freddi Sleter isə sessiyanın son 10 dəqiqəsində trasa çıxa bilib.
Bir saatlıq sessiyanın sonunda damalanmış bayraq göründükdə Şarl Lekler 1:18.128 nəticə ilə birinci yeri tutub. Kimi Antonelli ikinci, Corc Rasselli əvəz edən Frederik Vesti üçüncü olub. Lyuis Həmilton dördüncü pillədə qərarlaşıb.
Maks Ferstappeni əvəz edən Ayumu İvasa beşinci, Pyer Qasli isə altıncı yeri tutub.




Şərh əlavə et