Formula 1-də dünya çempionluğu qazanan sonuncu avstraliyalı pilot noyabrın 5-də, 80 yaşını qeyd etdikdən cəmi üç gün sonra, qısamüddətli xəstəliklə mübarizədən sonra dünyasını dəyişib.
Cons həyat yoldaşı Amanda, əkiz övladları Zara və Cek, əvvəlki münasibətindən olan qızı Kamilla və övladlığa götürdüyü oğlu Kristian tərəfindən yad ediləcək.
Amandanın Motorsport Australia-ya verdiyi açıqlamada deyilir: “Sevimli Alanımızın noyabrın 5-də qısamüddətli xəstəlikdən sonra vəfat etdiyini böyük kədərlə bildiririk. O, yaxınları və hər zaman dəstəyinə görə minnətdar olduğu çoxsaylı azarkeşləri tərəfindən böyük sevgi ilə xatırlanacaq. Alan həyatını avtoidmana həsr etmişdi. Onun yaratdığı irs, ömür boyunca həyatına toxunduğu saysız-hesabsız insan vasitəsilə yaşamağa davam edəcək.
Trasda və trasdan kənarda qazandığı uğurlar, ehtirası və özünəməxsus xarakteri ilə Alan həm ölkəsində, həm də bütün dünyada avtoidmana silinməz iz qoyub. Ailəmiz adından Alanın həyat yolunun bir hissəsi olan hər kəsə uzun illər ərzində göstərdikləri dostluq, sevgi və dəstəyə görə təşəkkür edirik. Onun ətrafında bu qədər gözəl insanların olması böyük xoşbəxtlik idi”.
1946-cı il noyabrın 2-də Melburnda anadan olan Cons Formula 1-də debütünü 1975-ci il İspaniya Qran Prisində edib. O, karyerasının ilk qələbəsini isə 1977-ci ildə Avstriya Qran Prisində, o qədər də iddialı olmayan Shadow komandası ilə qazanıb.
Həmin mövsüm İtaliya Qran Prisində üçüncü yeri tutması Consun 1978-ci ildə Williams-a keçməsinə şərait yaradıb. Bu dövrdə Frenk Villiams və Patrik Hed komandanı addım-addım gücləndirirdilər.
Lakin Cons Williams-la ilk qələbəsini yalnız 1979-cu il Almaniya Qran Prisində qazana bilib. Komandanın tarixində ilk qələbəni isə ondan bir yarış əvvəl, Silverstounda Kley Reqazzoni əldə etmişdi.
Mövsümün son altı yarışında dörd qələbə qazanan Cons Sürücülər Çempionatını üçüncü pillədə başa vurub. Bununla belə, mövsümə güclü başlayan Jodi Şekter və Jil Vilnövün Ferrari bolidləri ilə mübarizə aparmaq artıq çətin idi.
1980-ci il isə həm Cons, həm də Williams üçün tarixi olub. Avstraliyalı pilot dörd qələbə və əlavə beş podium qazanaraq 1966-cı ildə Cek Brebemdən sonra Dünya Çempionu olan ilk avstraliyalı pilot adını qazanıb. Bu, Williams-ın da Formula 1-də ilk dünya çempionluğu idi.
Komanda həmin il Konstruktorlar Çempionatını da qazanıb və 1981-ci ildə titulunu qoruyub. Cons isə şəxsi çempionluğunu müdafiə edə bilməyərək mövsümü üçüncü yerdə başa vurub. Həmin il çempionluq Nelson Pikeyə qismət olub.
Las-Veqasda mövsümün son yarışını qazandıqdan sonra Cons Formula 1-dən uzaqlaşıb. O, 1983-cü ildə bir yarışlıq geri qayıtsa da, sonradan Haas komandası ilə tam mövsüm üçün razılığa gəlib. Bu komandanın indiki Haas F1 Team ilə əlaqəsi yoxdur.
Lakin sonuncu mövsüm yarımlıq karyerası texniki problemlər və yarışdan kənar qalma halları ilə yadda qalıb. Dördüncü və beşinci yerlər onun ən yaxşı nəticələri olub. Cons 1986-cı il Avstraliya Qran Prisindən sonra, 40 yaşına bir neçə gün qalmış dəbilqəsini birdəfəlik asıb.
Formula 1-də keçirdiyi 116 yarışda 12 qələbə qazanan Cons 24 dəfə podiuma yüksəlib, altı poul və 13 ən sürətli dövrəyə imza atıb. Onun ən böyük uğuru isə 1980-ci ildə qazandığı Dünya Çempionluğu olub.
Cons 1978-ci ildə CAN-AM idman avtomobilləri çempionatında da qalib gəlib. Doqquz yarışın iştirakçısı olduğu həmin mövsümdə beş qələbə, bir ikinci və bir üçüncü yer əldə edərək üstünlüyünü nümayiş etdirib.
Peşəkar karyerasını başa vurduqdan sonra Avstraliya televiziyasında şərhçi kimi fəaliyyət göstərən Cons bəzən motosiklet yarışlarının əfsanəsi Barri Şinlə birlikdə çalışıb.
O, 1980-ci ildə avtoidmana xidmətlərinə görə Britaniya İmperiyası ordeninin (MBE) üzvü adına layiq görülüb.






Şərh əlavə et