Pirelli Braziliyaya ən yumşaq tərkibli təkərləri gətirəcək

Pirelli Braziliyaya ən yumşaq tərkibli təkərləri gətirəcək

 

1974-cü ildən Formula 1 yarışlarına ev sahibliyi edən əfsanəvi İnterlaqos trasının asfalt örtüyündə 2026-cı ildə bir sıra dəyişikliklər edilib. Xüsusilə 3-cü və 5-ci, eləcə də 8-ci və 9-cu döngələr arasındakı hissələr yenidən asfaltlanıb. Buna görə də həmin iki sektorda ilişmə səviyyəsi dövrənin qalan hissəsindən fərqlənəcək. Həftəsonu ərzində asfaltın vəziyyətinin dəyişmə dinamikası da bu hissələrdə fərqli olacaq.

Pirelli-nin vurğuladığı kimi, bu amil təkərlərin davranışına, xüsusilə uzun dövrə seriyalarında təsir göstərəcək. Əvvəlki illərdə Braziliya Qran Prisinin proqramına sprint yarışı da daxil idi. Lakin bu dəfə şənbə günü qısa yarış keçirilməyəcək. Beləliklə, komandaların dəyişikliklərə uyğunlaşmaq, onların təkərlərin deqradasiyasına və aşınmasına təsirini öyrənmək üçün hər biri bir saat davam edən üç tam sərbəst yürüş sessiyası olacaq.

Ötən il San-Pauloda əsas çətinlik təkərlərin deqradasiyası olub. Dənlənmə isə gözləniləndən daha az müşahidə edilib. Həmin vaxt C3 tərkibli orta təkərlərdə sürüşməyə meyil, digər iki tərkibdə isə yüksək deqradasiya qeydə alınıb. Buna görə də ən səmərəli strategiya iki pit-stop üzərində qurulub.

İnterlaqosda həm sürətli döngələr, həm də uzun düzlüklər olsa da, ümumilikdə təkərlərə düşən yük orta səviyyədədir. Üstəlik, ön və arxa təkərlərə düşən yüklənmə təxminən eynidir.

Ötmə imkanları ilə də tanınan Braziliya trası komandaların strategiya seçimində daha çevik davranmasına şərait yaradır. Bununla belə, onlar təkərlərin yüksək deqradasiya səviyyəsini nəzərə almalı olacaqlar. Bolidin sazlanması zamanı bir sürətli dövrədəki nəticə ilə yarış şəraitində uzun dövrə seriyalarındakı temp arasında optimal tarazlıq tapmaq xüsusi əhəmiyyət daşıyacaq.

Təbii ki, hava şəraitinin təsirini də nəzərə almaq lazımdır. Noyabr ayında Braziliyada gözlənilməz hava dəyişiklikləri mümkündür və pilotların yağış təkərlərindən istifadə etməsinə ehtiyac yaranma ehtimalı kifayət qədər yüksəkdir.

Bunları da oxuyun

Şərh əlavə et