Xəbəri Kokpitdə Oxuyun!

Hamilton qocalmaq bilmir: 105-ci poul, 106-cı qələbə gələcək?

Deyəsən, Lyuis Həmiltonun təqvimlə arası yoxdur. İllər keçir, Formula 1-də nəsillər dəyişir, gənclər gəlib gedir, amma britaniyalı hələ də öz sözünü deməkdə davam edir. Bu dəfə də növbəti tarixi uğura imza atdı: üç fərqli komanda ilə poul qazanan 16-cı pilot oldu. Ferrari ilə ilk poulunu əldə etdi və Maranello təmsilçisinə mövsümün ilk poulunu gətirdi.

Əslində, ilk cəhdlərdən sonra Həmiltonu poulun əsas favoritləri arasında görmək çətin idi. Ancaq ikinci cəhdlərdə hər şey dəyişdi. Şarl Lekler, Maks Ferstappen və Lando Norris həlledici dövrələrdə səhvlərə yol verdilər. Yeddiqat Dünya Çempionu isə soyuqqanlılığını qorudu, səhvsiz dövrə vurdu və hamını qabaqladı. Bəzən rəqiblərinin səhvini gözləmək də yarışın bir hissəsidir. Əsas odur ki, sən öz fürsətini əldən verməyəsən.

Beləliklə, Həmiltonun karyerasında 105-ci poul gəldi. Bu nəticəyə 399 Qran Pridə nail olub. Sadə dillə desək, təxminən hər dörd yarışdan birində poul mövqeyini qazanıb. Son dörd ildə qələbə və poul sayının əvvəlki templə artmaması onun statistikasına müəyyən təsir göstərsə də, ümumi mənzərə hələ də inanılmazdır. 105 poul! Üç fərqli komanda! Və bütün bunları karyerasının bu mərhələsində bacarmaq…

İndi isə əsas sual budur: 106-cı qələbə gələcək, yoxsa poul və qələbə sayları 105-105 olaraq qalacaq? Həmilton Ferrari ilə ilk poulunu qazandı. İndi növbə qələbədədir. Bəlkə də bu, onun Ferrari karyerasında dönüş nöqtəsi olacaq. Ən azı,  göstərdiyi sürət belə düşünməyə əsas verir.

Maksın planını «can dostu» pozdu

Maks Ferstappen isə, görünür, poul qazanmağa hazır idi. Hər şey onun xeyrinə gedirdi, amma ikinci cəhdlərdə Lando Norris ortaya çıxdı. «Can dostu» Maksın işini bir qədər çətinləşdirdi və nəticədə niderlandlı pilot poul şansını əldən verdi. Üstəlik, startda bir mövqe də itirəcək.

Norrisin Ferstappeni ləngitməsi özünə də sərf etdi. Lando bu hadisənin nəticəsində beşinci yerdən dördüncü yerə yüksəldi. Lekler isə sıralanmanın son cəhdində əsl drift şousu göstərərək üçüncü yerdə qərarlaşdı. Ferrari pilotunun dövrəsi sürət baxımından istədiyi kimi alınmasa da, ən azı start mövqeyi baxımından vəziyyəti pis deyil.

Beləliklə, bu gün bizi kifayət qədər maraqlı start gözləyir. Bu trasda startlar onsuz da həmişə qarışıq keçir. İlk döngəyə qədər mövqelərin dəyişməsi, pilotların bir-birinə yer vermək istəməməsi və kiçik təmaslar yarışın bütün mənzərəsini dəyişə bilər. Ona görə də sıralanma nəticələrinə baxıb sabahkı podiumu indidən müəyyənləşdirmək düzgün olmaz.

Lekler startı normal götürə bilsə, yarış tempi hesabına qələbə uğrunda mübarizəyə qoşula bilər. Ferstappen də bu trasda həmişə güclü olub. Onu heç vaxt hesabdan silmək olmaz. Həmilton isə poul mövqeyindədir və bu fürsəti asanlıqla əldən verəcəyini düşünmürəm. Ferrari ilə ilk poulunu qazanan britaniyalı indi mövsümdə ikinci qələbəsini də istəyəcək.

Antonellinin çempionluğu bir az da gözləyə bilər

Bugünkü yarışın başqa bir maraqlı tərəfi də çempionluq mübarizəsidir. Antonelli artıq titulun bir addımlığındadır, amma bu dəfə də hər şey istədiyi kimi getməyə bilər. Həmilton yarışı qazansa, Antonelli isə xal qazana bilməsə, çempionluğun rəsmiləşməsi yenidən təxirə düşəcək.

Əlbəttə, Kiminin üstünlüyü böyükdür. Ancaq Formula 1-də finiş xəttini keçmədən heç kimə çempionluq vermirlər. Həmiltonun poul qazanması isə bu ssenarini daha maraqlı edir. Bir tərəfdə Ferrari ilə uğur qazanmaq istəyən yeddiqat Dünya Çempionu, digər tərəfdə tarix yazmağa hazırlaşan gənc Antonelli. Hər ikisinin öz motivasiyası var.

Piastrinin Avropa həsrəti

Günün ən böyük məyusu isə Oskar Piastri oldu. Avstraliyalı pilotun nəticələri artıq müəyyən bir tendensiyanı xatırladır. Sanki Avropa traslarından kənara çıxan kimi sürətinin bir hissəsini özü ilə birlikdə sərhəddə qoyur.

Piastrinin ən böyük problemlərindən biri qeyri-Avropa traslarında sabit nəticə göstərə bilməməsidir. 2024 və 2025-ci illərdə Avropa yarışları ərzində ən çox xal toplayan pilotlardan biri, hətta bu göstəricidə lider idi. Amma Avropadan kənarda xeyli xal itirirdi. Bu mövsüm də oxşar mənzərə ilə qarşılaşırıq. Avropa traslarında yaxşı çıxış edən Oskar mövsümün digər coğrafiyalara keçidi ilə birlikdə yenidən çətinlik yaşamağa başlayıb.

Əlbəttə, hər trasın öz xüsusiyyətləri var. Asfaltın quruluşu, temperatur, təkərlərin davranışı, döngələrin xarakteri və ümumi şərait sürücülərin performansına təsir edir. Ancaq çempionluğa oynayan pilot üçün bu fərqlərə uyğunlaşmaq da bacarığın bir hissəsidir. Sən yalnız rahat olduğun traslarda sürətli ola bilməzsən.

Piastri üçün problem təkcə bir sıralanma turu və ya bir uğursuz yarış deyil. Əsas məsələ bu tendensiyanın təkrarlanmasıdır. Əgər Oskar həqiqətən dünya çempionluğu uğrunda mübarizə aparmaq istəyirsə, Avropadan kənarda da eyni sabitliyi göstərməlidir. Əks halda, mövsümün ən vacib mərhələlərində rəqiblərinə hədiyyə etdiyi xalların əvəzini sonradan ödəyəcək.

Bu gün isə bütün bu sualların cavabını tras verəcək. Həmilton 105-ci poulunu qələbəyə çevirib 106-cı zəfərinə çata biləcəkmi? Ferstappen yenə öz trasında sözünü deyəcəkmi? Lekler Ferrari-yə daha bir sürpriz yaşadacaqmı? Və Antonelli çempionluq tortunun şamlarını nəhayət söndürə biləcəkmi?

Bir sözlə, Həmilton qocalmaq bilmir, Maks güzəştə getmir, Lekler fürsət gözləyir, Piastri isə Avropadan kənarda özünü axtarır. Formula 1-də bazar günü üçün bundan yaxşı süjet xətti tapmaq çətindir.

Rauf Hacıyev

Şərh əlavə et