Xəbəri Kokpitdə Oxuyun!

Meksika GP: Həmilton və Ferrari-dən mövsümdə ilk poul

Lyuis Həmilton 2026-cı il Meksika Qran Prisinin sıralanma turunda ən sürətli nəticəni göstərərək yarışa ilk yerdən başlamaq hüququ qazanıb.

Meksika Qran Prisinin əsas yarışı bazar ertəsi  günü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Q1: Həmilton lider, Alonso mübarizəni dayandırıb

Sıralanma turu başlayarkən Mexico City-də hava günəşli olub. Sessiyadan əvvəl havanın temperaturu 26°C, trasın temperaturu isə 48°C ölçülüb.

Sessiyanın başlaması ilə trasa çıxan ilk pilot ev sahibi Serxio Peres olub. Ləns Stroll təkərləri blokladıqdan sonra qısa müddətə trasdan kənara çıxıb.

İlk dəqiqələrdən sonra Fernando Alonso zaman cədvəlinin zirvəsinə yüksəlib. Lakin qısa müddət sonra komandanın göstərişi ilə bolidini saxlayaraq sessiyanı başa vurub. Bu hadisədən sonra sessiya qırmızı bayraqlarla dayandırılıb.

Qısa fasilədən sonra yaşıl bayraqlar yenidən dalğalanıb və pit yolunun sonunda gözləyən pilotlar trasa çıxıblar.

Sessiyanın başa çatmasına beş dəqiqə qalmış Şarl Lekler liderliyə yüksəlib. Bu vaxt Arvid Lindblad radio vasitəsilə kokpitdə tüstü olduğunu bildirib.

Q1-in sonunda damalı bayraq dalğalanarkən Lyuis Həmilton 1:17.341 nəticə ilə birinci yerdə qərarlaşıb. Ayzek Hacar ikinci, onun komanda yoldaşı Lekler isə üçüncü olub.

Bu mərhələdə Aleks Albon, Fernando Alonso, Ryo Hirakava, Lance Stroll, Serxio Peres və Valtteri Bottas mübarizəni dayandırıblar.

Q2: Ferstappen lider, Piastri mübarizədən kənarda qalıb

Sıralanma turunun ikinci mərhələsində trasa ilk olaraq Mercedes pilotları çıxıblar.

İlk cəhdlərdən sonra Maks Ferstappen 1:16.876 nəticə ilə liderliyə yüksəlib. Şarl Lekler ikinci yeri tutub. Komanda yoldaşı Lyuis Həmilton isə son üç dəqiqəyə qədər sürətli dövrə vurmamışdı. İlk cəhdini tamamladıqdan sonra britaniyalı pilot üçüncü pilləyə yüksəlib.

Son cəhdlərdə heç bir pilot Ferstappenin nəticəsini yaxşılaşdıra bilməyib və Red Bull pilotu bu mərhələni lider tamamlayıb.

Q2-də Niko Hülkenberq, Franko Kolapinto, Qabriel Bortoleto, Oli Berman, Karlos Sayns və gözlənilmədən McLaren pilotu Oskar Piastri mübarizədən kənarda qalıblar.

Q3: Həmilton poul mövqeyində, Rassell ikinci olub

Sıralanma turunun son mərhələsi üçün yaşıl işıqlar yanıb və pilotlar poul uğrunda mübarizəyə başlayıblar.

Trasa ilk çıxanlara Mercedes pilotları başçılıq edib. İlk cəhdlərdən sonra Şarl Lekler 1:16.647 nəticə ilə liderliyə yüksəlib.

Ayzek Hacar sürətli dövrəsi zamanı 13-cü döngədə təkərləri blokladığı üçün cəhdini yarımçıq dayandırmalı olub.

Poul mövqeyi uğrunda gərgin mübarizənin ardından damalı bayraq dalğalanıb və günün ən sürətli pilotu Lyuis Həmilton olub.

Corc Rassell ikinci, Şarl Lekler isə üçüncü yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et