Xəbəri Kokpitdə Oxuyun!

Louson Meksika sıralanma turundan diskvalifikasiya edilib

Racing Bulls pilotu Liam Louson Q2-də göstərdiyi ən yaxşı nəticədən sonra MGU-K gücünün azaldılması ilə bağlı texniki qaydaları pozduğu üçün Meksika Qran Prisinin sıralanma turundan diskvalifikasiya olunub.

Racing Bulls şənbə günü Hermanos Qardaşları trasında hər iki bolidi ilə Q3-ə yüksələrək diqqətçəkən nəticə göstərib. Lakin texniki qayda pozuntusu Lousonun sıralanma turundakı nəticəsinin ləğvi ilə yekunlaşıb.

Stüardlara təqdim edilən sənəddə Lousonun Q2-dəki ən sürətli dövrəsini saat 15:47:36-da başa vurduqdan dərhal sonra MGU-K üçün müəyyən edilmiş minimum güc tələbinə əməl etmədiyi bildirilib. Araşdırmanın ardından pilotun diskvalifikasiyasına qərar verilib.

Yeni zelandiyalı sürücü sürətli dövrəsini başa vurduqdan sonra tələb olunan proseduru yerinə yetirməyib və MGU-K gücünün məcburi şəkildə azaldılması qaydasını pozub.

FIA-nın açıqlamasına görə, pilot sürətli dövrəsinin sonunda batareyanın enerjisini tamamilə tükədib. Nəticədə MGU-K-nın güc ötürülməsi birdən-birə kəsilib və onun gücü 350 kVt-dan sıfıra düşüb. Bu isə texniki reqlamentə ziddir.

Halbuki elektrik gücü texniki reqlamentin C5.12.6-cı maddəsinə uyğun olaraq mərhələli şəkildə azaldılmalı idi. Həmin maddəyə əsasən, gücün azaldılma sürəti saniyədə 50 və ya 100 kVt-dan çox ola bilməz: “ERS-K-nın elektrik DC gücü 100 kVt-dan yüksək olduqda sürücünün maksimum güc tələbi aşağıda göstərilən hədlərdən daha sürətlə azaldıla bilməz:

a. FIA-nın güc məhdudiyyəti tətbiq edilən məsafəni 3500 metrdən çox müəyyən etdiyi yarışlarda istənilən bir saniyə ərzində 50 kVt.

b. Bütün digər yarışlarda istənilən bir saniyə ərzində 100 kVt”.

Lousonun vəziyyətində isə finiş xəttini keçdikdən sonra qaz pedalından dərhal ayağını çəkməməsi elektrik gücünün kəskin şəkildə azalmasına səbəb olub.

Stüardların hesabatında da bu məqam xüsusi vurğulanıb: “Təqdim edilən və dinləmədə iştirak edən bütün tərəflərin qəbul etdiyi sübutlar göstərir ki, sürücü Q2-dəki ən sürətli dövrəsinin sonunda nəzarət xəttini keçdikdən sonra qaz pedalından dərhal ayağını çəkməyib.

Bu isə reqlamentdə nəzərdə tutulan mərhələli azalma tələbinə uyğun olaraq MGU-K güc ötürülməsinin azaldılması sürətinə riayət edilməməsi ilə nəticələnib.

Sürücünün maksimum güc tələbi və ERS-K-nın elektrik DC gücü reqlamentdə icazə veriləndən daha yüksək sürətlə azaldılıb”.

Dinləmə zamanı bütün tərəflər Racing Bulls-un bu qayda pozuntusu nəticəsində heç bir idman üstünlüyü əldə etmədiyi ilə razılaşıblar. Bununla belə, bu məqam diskvalifikasiya qərarının qarşısını almayıb.

Stüardlar qərarlarını belə əsaslandırıblar: “Komanda bu vəziyyətin heç bir performans üstünlüyü yaratmadığını bildirib. Lakin texniki reqlamentə əməl edilməməsi, performans üstünlüyü əldə olunmasa belə, üzrlü sayıla bilməz. Bundan əlavə, reqlament bolidin yarış həftəsonunun hər anında qaydalara uyğun olmasını tələb edir.

Komandanın qayda pozuntusunu özü bildirməsini xüsusi olaraq qeyd edirik. Bununla belə, bütün yüngülləşdirici hallara baxmayaraq, bolidin texniki reqlamentə uyğun olmadığı vəziyyətlərdə diskvalifikasiya qərarı verməyimizi tələb edən çoxsaylı presedentlər mövcuddur”.

Rauf Hacıyev

Şərh əlavə et