Cümə günü paddokda onunla selfi çəkdirmək istəyən azarkeşi iki dəfə itələdiyi görüntülərə düşən fransalı pilot Beynəlxalq İdman Məcəlləsinin 12.2.1.l maddəsini pozmaqda təqsirli bilinib. Bununla belə, stüardlar hadisənin yüngülləşdirici hallarını nəzərə alaraq ona yalnız rəsmi xəbərdarlıq verməklə kifayətləniblər.
Stüardların qərarında cəzanın səbəbləri belə izah olunub:
“6 nömrəli bolidin pilotu Ayzek Hacar və komanda nümayəndəsi dinlənilib, video sübutlar ətraflı araşdırılıb.
Pilot ilk sərbəst yürüşə gecikdiyini və gənc bir azarkeşlə şəkil çəkdirmək üçün dayandığı zaman başqa bir paddok qonağının ona aqressiv şəkildə yaxınlaşdığını bildirib. Həmçinin pilotun arxasınca gələn yeganə mühafizə əməkdaşının belə müdaxilə edə bilmədiyi və onun şəxsi məkanının pozulduğu müəyyən edilib.
Pilot əvvəlcə əlini azarkeşin belinə qoyaraq onu özündən uzaq tutmağa çalışıb, daha sonra isə sağ qolu ilə həmin şəxsi kənara itələyib. Sonuncu hərəkət qayda pozuntusu hesab edilsə də, cəzanın yüngülləşdirilməsi üçün aşağıdakı məqamlar nəzərə alınıb:
- Pilot başqa bir şəxsin icazəsiz və son dərəcə aqressiv davranışına reaksiya verib.
- Pilot ilk sərbəst yürüşün başlanğıcına çatmaq üçün izdihamlı ərazidən keçməyə çalışıb.
- Pilotun yanında kifayət qədər mühafizə əməkdaşı olmayıb.
- Paddok qonağı pilotun razılığı olmadan onun şəxsi məkanına müdaxilə edib.
- Pilotların paddok ərazisində hərəkət edərkən üzləşdikləri ümumi təhlükəsizlik problemləri nəzərə alınıb”.




Şərh əlavə et