Xəbəri Kokpitdə Oxuyun!

Pirelli: Trasın vəziyyəti gözlədiyimizdən daha yaxşı idi

Pirelli-nin baş mühəndisi Simone Berra Meksika Qran Prisinin cümə günü keçirilən sessiyalarının yekunlarını dəyərləndirib.

Simone Berra: “Tras şəraiti gözlədiyimizdən daha yaxşı idi. İlk sərbəst yürüşün əvvəlində ilişmə səviyyəsi kifayət qədər aşağı olsa da, gün ərzində trasın vəziyyəti sürətlə yaxşılaşdı. Buna dəstək yarışlarının pilotlarının çıxışları da kömək etdi. Nəticədə tras ötən illə müqayisədə daha yaxşı vəziyyətdə idi. Dövrəvi nəticələr də bunu təsdiqləyir.

Bundan başqa, dəniz səviyyəsindən yüksəkdə yerləşmə səbəbindən yeni nəsil avtomobillərdə aerodinamik asfaltayatma qüvvəsinin azalmasının təsiri əvvəlki qədər nəzərə çarpmır. Bu da builki dövrəvi nəticələrin ötən mövsümün göstəricilərinə niyə bu qədər yaxın olduğunu izah edir.

İlk sessiyada komandaların əksəriyyəti trasa uyğunlaşmaq və asfaltın səthini təmizləmək üçün Hard tərkibli təkərlərdən istifadə etdilər. Həftəsonunun qalan hissəsi üçün iki dəst C3 təkərinin artıq sayıla biləcəyini nəzərə alsaq, gənc pilotlar üçün də bu seçim məntiqli idi.

Medium və Soft tərkibləri özünü çox yaxşı göstərdi. Onların arasındakı fərq təxminən 0,8 saniyə təşkil etdi. Təbii olaraq ilişmə səviyyəsinin aşağı olduğu bu trasda C5 tərkibi xüsusilə effektiv oldu.

Uzun dövrə seriyaları zamanı toplanan məlumatlar daha yumşaq tərkibli təkərlərin əhəmiyyətli dərəcədə aşındığını göstərir. Bu isə yarış üçün bir neçə mümkün strategiya variantı yaradır: təkərlərin vəziyyətinə diqqətlə nəzarət etməklə bir pit-stop, yaxud iki pit-stop.

Sol ön təkərdə dənlənmə müşahidə olundu, lakin gün ərzində onun intensivliyi azaldı. Trasın vəziyyətinin bundan sonra da sürətlə yaxşılaşacağını gözləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et