Cümə günü keçirilən sərbəst yürüşlərdə mühərrik nasazlığı səbəbindən vaxt itirən Həmilton Meksikadakı sıralanma turunda möhtəşəm geri dönüş edərək ilk yeri tutub.
Karyerasının 105-ci poul mövqeyini qazanan yeddiqat dünya çempionu bolidin sazlanması istiqamətində əla iş gördüklərini və Meksikada ilk sıradan başlamağın sözlə ifadə olunmayacaq hiss olduğunu vurğulayıb.
Sıralanma turundan sonra sevincini bölüşən britaniyalı pilot deyib.
Lyuis Həmilton: “Poul mövqeyində olmaq möhtəşəm hissdir. Həqiqətən də inanılmaz duyğudur!
O qədər xoşbəxtəm ki, həyəcanımdan nə deyəcəyimi bilmirəm. Bizim üçün həftəsonu çox çətin başlamışdı. İlk sərbəst yürüşdə bolidə aerodinamik ölçmə cihazları quraşdırılmışdı, dünən isə mühərrik nasazlığı səbəbindən vaxt itirdik və uzun məsafəli sürüşlər etmək imkanım olmadı.
Buna baxmayaraq, bolidin sazlanması ilə bağlı həqiqətən mükəmməl iş gördük. Əvvəlki yarışdan çoxlu nəticə çıxarmışdıq və bunları burada çox yaxşı tətbiq etdik.
Rəqiblərlə aramızdakı fərqlər həqiqətən çox azdır.
Düşünürəm ki, rəqiblərimizin yarış üçün yeni təkər dəstləri var. Amma bütün bunlara baxmayaraq, burada poul mövqeyini qazanmaq əvəzsizdir. Meksikada bu sevinci yaşamaq və karyeramın 105-ci poul mövqeyini əldə etmək mənim üçün çox özəldir. Bu rəqəmi həqiqətən çox sevirəm!”




Şərh əlavə et