Xəbəri Kokpitdə Oxuyun!

FİA Meksikada yeni tras limitləri elan edib

FIA Meksika Qran Prisinin startında və təhlükəsizlik avtomobilindən sonrakı restart zamanı tras limitlərini pozan pilotlara qarşı sərt yanaşma tətbiq edəcəyini açıqlayıb. Pilotlar trasdan kənara çıxaraq mövqelərini qoruyarlarsa, hətta aşkar üstünlük əldə etməsələr belə, mövqelərini geri qaytarmalı olacaqlar.

FIA ötən il Meksika Qran Prisinin startında yaşanan qarışıqlığın təkrarlanmaması üçün tras limitləri ilə bağlı daha sərt qaydalar müəyyənləşdirib. 2025-ci ildəki yarışın startında Şarl Lekler və Maks Ferstappen ilk döngədə çəmənlikdən keçərək cəza almamışdılar. Bu hadisəyə Corc Rassell etiraz etmiş və baş verənləri anlamadığını bildirmişdi.

FIA-nın stüardlar kollegiyası bazar günü keçiriləcək yarışdan əvvəl yayımladığı rəsmi qərarla bildirib ki, startın ilk dövrəsində və təhlükəsizlik avtomobilindən sonra hər restartın ilk dövrəsində 1–3-cü və 4–6-cı döngələr arasında mübarizə aparan pilotlar həm hücum, həm də müdafiə mövqeyində hesab olunacaqlar.

Bununla da federasiya haqsız yerə qazanılan mövqelərin geri qaytarılması üçün konkret vaxt hədləri müəyyənləşdirib.

Stüardların bütün komandalara göndərdiyi yeni təlimatda deyilir: “Yalnız bu yarış üçün keçərli olmaqla, ilk dövrədə və istənilən restart mərhələsinin ilk dövrəsində 1–3-cü və 4–6-cı döngələr arasında mübarizə aparan bütün bolidlər avtomatik olaraq həm hücum, həm də müdafiə mövqeyində hesab ediləcək.

Buna görə də mövcud qaydalara əsasən, həmin zonalarda trasdan kənara çıxaraq arxasındakı yaxın məsafədə olan bir və ya bir neçə bolidə qarşı mövqeyini qoruyan pilotun daimi üstünlük əldə etdiyi hesab oluna bilər.

1–3-cü döngələr arasında trasdan kənara çıxan pilotlar daimi üstünlük əldə etmiş sayılmamaq üçün ən gec 4-cü döngəyədək müvafiq mövqeyi arxadakı pilota qaytarmalıdırlar.

4–6-cı döngələr arasında trasdan kənara çıxan bolidlər üçün isə mövqenin geri qaytarılması müddəti ən gec 12-ci döngəyədək müəyyənləşdirilib. Arxadakı bolidin bu qaydanın tətbiqi üçün kifayət qədər yaxın olub-olmadığına birbaşa stüardlar qərar verəcək”.

Rauf Hacıyev

Şərh əlavə et