Pirelli Motorsport-un direktoru Dario Marrafuski yarış strategiyası ilə bağlı fikirlərini bölüşüb: “Meksika Qran Prisi öncəsi strategiya seçimi hələ də açıq qalır. Nəzəri baxımdan həm bir, həm də iki pit-stop variantı kifayət qədər effektiv hesab oluna bilər. Medium və Soft tərkibli təkərlərin müxtəlif kombinasiyaları ilə yarışı təxminən eyni ümumi vaxtda başa vurmaq mümkündür.
Yekun strategiya seçimi bir sıra amillərdən asılı olacaq. Bunlara konkret avtomobilin xüsusiyyətləri, aerodinamik sazlamalar və ən əsası, pilotların pit-stopdan sonra düşə biləcəyi trafik daxildir.
Bir çox komanda yarışa orta sərtlikdəki təkərlərlə başlamağa üstünlük verə bilər. Daha sonra Soft təkərlərə keçmək lazım gələcək. Bu ssenaridə yeganə pit-stop 35–41-ci dövrələr arasında həyata keçirilə bilər. Təkərlərin deqradasiyası nisbətən aşağı olsa da, onların resursundan qənaətlə istifadə etmək vacib olacaq.
Alternativ iki pit-stop strategiyası isə yarışa yumşaq təkərlərlə başlamağı, ikinci stintdə Medium tərkibinə keçməyi və son hissədə yenidən Soft təkərlərdən istifadə etməyi nəzərdə tutur.
Hesablamalarımıza görə, hər iki strategiya yarışı təxminən eyni vaxtda başa vurmağa imkan verir. Lakin iki pit-stop variantını seçən komandalar trafik amilini nəzərə almalıdırlar. Çünki hər pit-stopdan sonra ötməli olacaqları avtomobillərin sayı həlledici rol oynaya bilər.
Komandaların Hard təkərlərdən istifadə etməsi ehtimalı azdır. Çünki bu tərkib əsas alternativlərlə müqayisədə kifayət qədər rəqabətədavamlı görünmür.
Bununla belə, yarışın erkən mərhələsində təhlükəsizlik avtomobilinin trasa çıxması komandaları strategiyalarını dəyişməyə məcbur edə bilər. Bu halda son stint üçün Hard təkərlər seçilə və ya iki pit-stop strategiyasına keçilə bilər.
Cümə günü ilə müqayisədə təkərlərin davranışına gəldikdə isə ciddi aşınma və ya qranullaşma əlamətləri müşahidə etmədik. Hətta uzun dövrə seriyalarından sonra belə təkərlər əla vəziyyətdə qalırdı.
Sıralanma turu zamanı asfalt örtüyünün yaxşılaşmağa davam etdiyini göstərən əlavə əlamətlər də qeydə alındı. İlk sessiyada pilotlar sürətli dövrəyə başlamazdan əvvəl təkərləri qızdırmaq üçün əlavə dövrə vururdular. Final sessiyasında isə dərhal sürətli dövrəyə başlayırdılar”.




Şərh əlavə et