Xəbəri Kokpitdə Oxuyun!

Meksika GP: Ferstappen qazandı, Antonelli Dünya Çempionu oldu

2026-cı il Meksika Qran Prisində qələbəni Maks Ferstappen qazanıb. Lyuis Həmilton yarışı ikinci yerdə başa vurub. Podiumun son pilləsinə yüksələn Kimi Antonelli isə 2026-cı il mövsümünün dünya çempionu olub və Formula 1 tarixinin ən gənc çempionu adını qazanıb.

Yarışdan əvvəl havanın temperaturu 23,4, trasın temperaturu isə 47,9 dərəcə olub. Rütubət səviyyəsi 41,6 faiz təşkil edib. Startda Maks Ferstappen, Lando Norris, Niko Hülkenberq, Franko Kolapinto, Qabriel Bortoleto, Ryo Hirakava və Liam Louson orta tərkibli təkərlərə üstünlük veriblər. Digər pilotlar yumşaq təkərlərlə start alıblar. Həmilton, Corc Rassell və Ayzek Hacar isə işlənmiş yumşaq təkərlərdən istifadə ediblər.

Problemsiz keçən formasiya dövrəsindən sonra bolidlər start cərgəsindəki yerlərini tutublar. İşıqların sönməsi ilə 71 dövrədən ibarət Meksika Qran Prisi başlayıb.

Poul mövqeyindən start götürən Lyuis Həmilton yaxşı start alsa da, ilk döngəyə daxil olarkən komanda yoldaşı Şarl Leklerin təzyiqi ilə üzləşib.

İlk döngədə mövqeyini qoruyan Həmilton sonrakı döngələrdə Leklerin hücumlarına tab gətirə bilməyib. Daxili trayektoriyadan hücuma keçən monakolu pilot qazona çıxaraq komanda yoldaşını geridə qoyub və liderliyi ələ keçirib. Dördüncü döngədə ikili arasında təmas da baş verib.

Həmilton qısa müddət sonra beşinci yerdən start götürən Maks Ferstappenə də mövqeyini itirib və üçüncü yerə geriləyib.

İkinci yerdəki Corc Rassell ilk düzlükdə güc itkisi yaşayıb və beşinci yerə qədər geriləyib. Döngəyə girişdə isə Ayzek Hacarla təmas edib.

Mövqe itkisindən sonra Həmilton komanda radiosu vasitəsilə belə deyib: “Komanda yoldaşın tərəfindən trasdan kənara sıxışdırılmaq…”

İlk dövrənin sonunda Lekler Ferstappeni 0,8 saniyə qabaqlayaraq lider olub. Həmilton üçüncü, Antonelli dördüncü, Rassell isə beşinci yerdə qərarlaşıb.

Dördüncü dövrədə stüardlar Həmilton və Lekler arasındakı insidentlə bağlı araşdırmaya başlayıblar.

Altıncı dövrədə Lekler Ferstappenlə arasındakı fərqi 2 saniyəyə çatdırıb. Həmilton isə liderdən təxminən 1,3 saniyə geri qalan Ferstappeni 2 saniyəlik fərqlə izləyib.

Yeddinci dövrədə Aston Martin pilotları mühərrikdə yaranan problem səbəbindən yarışı dayandırıblar. Ləns Strollun bolidinin trasdan çıxarılması üçün virtual təhlükəsizlik avtomobili rejimi elan olunub.

Doqquzuncu dövrədə yaşıl bayraqlar dalğalanıb və mübarizə bərpa olunub. Lekler Ferstappenlə arasındakı fərqi 3 saniyəyə çatdırıb. Ferstappenlə Həmilton arasındakı fərq isə 1,7 saniyə olub. Antonelli də Həmiltonu 1 saniyədən az fərqlə izləyib.

11-ci dövrədə ilk dövrənin altıncı döngəsində Hacarla təmas edən Rassell də stüardların araşdırmasına cəlb olunub.

12-ci dövrədə Şarl Lekler tras limitlərini pozduğuna görə 5 saniyəlik cərimə alıb. Rassell isə Hacarla insidentdə qəzaya səbəb olduğu üçün 10 saniyəlik cəriməyə məruz qalıb.

Həmilton Leklerin cəriməsi barədə məlumat aldıqdan sonra komanda radiosunda narazılığını belə ifadə edib: “Beş saniyə? O, təmiz havada hərəkət edərkən bizim kimi vaxt itirmir. Mövqeyini geri qaytarmalıdır”.

Ferstappen isə gülərək belə cavab verib: “Mən bütün cərimələrin 10 saniyə olacağını düşünürdüm”.

Oli Berman Qabriel Bortoletonu geridə qoyaraq 11-ci yerə yüksəlib.

20-ci dövrədə 5 saniyəlik cəriməsi olan lider Lekler Ferstappenlə arasındakı fərqi 4,8 saniyəyə çatdırıb. Həmilton isə Ferstappendən təxminən 2 saniyə geri qalıb.

24-cü dövrədə Həmilton komanda radiosunda FIA-nın yarışdan əvvəl tras limitləri ilə bağlı keçirdiyi görüşü xatırladaraq narazılığını bildirib: “Stüardlar sözün əsl mənasında qələbəni öz əlləri ilə Leklerə verirlər”.

25-ci dövrədə yumşaq təkərlərlə hərəkət edən Lekler 1:20.668 nəticə göstərərək yarışın ən sürətli dövrəsini vurub. O, Medium təkərlərdən istifadə edən Ferstappenlə arasındakı fərqi 5,2 saniyəyə çatdırıb.

Lekler orta sektorda 31,863 saniyə ilə ən sürətli nəticəni göstərib. İlk sektorda 27,753, son sektorda isə 20,608 saniyəlik nəticələr qeydə alınıb. Hər üç sektorda ən sürətli ümumi nəticə isə altıncı yerdəki Lando Norrisə məxsus olub.

27-ci dövrədə yeddinci yerdəki Oskar Piastri pitə girib və Qabriel Bortoletonun arxasında, 12-ci yerdə trasa qayıdıb.

28-ci dövrədə lider Lekler və ikinci yerdəki Ferstappen də pit-stop ediblər. Soft təkərlərə keçən Ferstappen Leklerin önündə, dördüncü yerdə trasa qayıdıb. Növbəti dövrədə Həmilton da pitə girib və komanda yoldaşının arxasında, altıncı yerdə trasa qayıdıb. Həmilton və Lekler Medium tərkibli təkərlərə keçiblər. Lekler pit-stop zamanı 5 saniyəlik cəriməsini də çəkib.

Pit-stoplardan sonra Antonelli müvəqqəti olaraq yarış liderliyinə yüksəlib. 10 saniyəlik cəriməsi olan Rassell ikinci yerdə qərarlaşıb, Norris isə britaniyalı pilotdan 0,7 saniyə geri qalıb.

34-cü dövrədə Rassell pitə çağırılıb və Kolapintonun arxasında, səkkizinci yerdə trasa qayıdıb. O da 10 saniyəlik cəriməsini pit-stop zamanı çəkib.

36-cı dövrədə Lindbladın pitə girməsi ilə Rassell altıncı yerə yüksəlib.

40-cı dövrədə Norris pit-stop edib və orta təkərlərlə Rassellin önündə, beşinci yerdə trasa qayıdıb.

43-cü dövrədə Lekler bolidi idarə etməyin son dərəcə çətin olduğunu bildirib. Növbəti dövrədə Antonelli pitə girib və Ferstappen Lekleri 2,3 saniyə qabaqlayaraq liderliyə yüksəlib.

44-cü dövrədə Valtteri Bottas start düzlüğündə hərəkət edərkən bolidinin sol ön asılqanı qırılıb. Təkərin əyilməsi nəticəsində idarəetməni itirən finlandiyalı pilot baryerlərə çırpılıb. Qəzadan sonra təhlükəsizlik avtomobili trasa çıxıb.

Təhlükəsizlik avtomobili arxasında bir dövrə tamamlandıqdan sonra sarı bayraqlar qırmızı bayraqlarla əvəzlənib və yarış dayandırılıb. Qırmızı bayraqlardan əvvəl Rassell və Həmilton da daxil olmaqla bir neçə pilot pitə girib.

Yarış dayandırılarkən Ferstappen lider, Lekler ikinci, Antonelli üçüncü, Həmilton dördüncü, Norris beşinci, Rassell isə altıncı yerdə olub.

Qırmızı bayraqdan sonra FIA stüardları start düzülüşünü təhlükəsizlik avtomobili rejiminin başladığı andakı vəziyyətə qaytarıblar. Beləliklə, Həmiltonun restart zamanı üçüncü yerdən başlayacağı açıqlanıb.

Qısa müddət sonra yarışın saat 01:45-də yerindən start proseduru ilə bərpa olunacağı bildirilib. Yenidən startdan əvvəl Serxio Peres pit yolunda sürət həddini aşdığına görə 5 saniyəlik cərimə alıb.

Pit yolu açıldıqdan sonra bolidlər Ferstappenin liderliyi ilə trasa çıxıblar. Formasiya dövrəsindən sonra pilotlar yenidən start cərgəsindəki yerlərini tutublar.

İşıqların sönməsi ilə Meksika Qran-prisi 48-ci dövrədən etibarən davam edib.

Startda Həmilton komanda yoldaşı Lekleri geridə qoyaraq ikinci yerə yüksəlib. İlk döngədə Ferstappenlə Həmilton kiçik təmas yaşansa da, niderlandlı pilot liderliyini qoruyub. Lekler isə döngəyə girişdə təkərləri bloklayaraq vaxt itirib və komanda yoldaşından uzaqlaşıb.

Niko Hülkenberq və Oli Berman arasında təmas baş verib. Nəticədə Berman yarışı dayandırmalı olub.

Sonrakı döngələrdə Antonelli xarici trayektoriyadan hücum edərək Lekleri geridə qoyub və dördüncü yerə yüksəlib. Həmiltonla Ferstappen arasındakı təmas isə stüardların diqqətinə çatdırılıb.

49-cu dövrədə Həmilton təxminən yarım saniyə fərqlə Ferstappeni izləməyə davam edib. Ferstappen orta sektoru 31,594 saniyəyə qət edərək ən sürətli nəticəni göstərib. İlk və son sektorlarda isə Həmilton cüzi üstünlüyə sahib olub.

Ferstappen start mövqeyini düzgün tutmadığına görə araşdırmaya cəlb edilsə də, stüardlar cəza tətbiq etməmək qərarına gəliblər.

52-ci dövrədə Ferstappen Həmiltonla arasındakı fərqi 1,2 saniyəyə çatdırıb.

55-ci dövrədə Ferstappen mühərrik əyləcinin qeyri-sabit işlədiyini bildirib. Norris isə təxminən yarım saniyə fərqlə Lekler üzərində təzyiqi artırıb.

59-cu dövrədə döngəyə girişdə Lindbladın arxa sol təkəri arxasında hərəkət edən Piastrinin ön sağ təkərinə ilişib. Nəticədə Lindblad qəza edərək yarışı başa vura bilməyib. Hadisədən sonra təhlükəsizlik avtomobili yenidən trasa çıxıb.

62-ci dövrənin sonunda təhlükəsizlik avtomobili trası tərk edib və mübarizə davam edib. Ferstappen ilk düzlükdə liderliyini qorusa da, Həmilton təqibini dayandırmayıb.

64-cü dövrədə Həmiltonla Ferstappen arasındakı fərq 0,7 saniyə olub. Antonelli isə Həmiltondan təxminən 1,5 saniyə geri qalıb.

Son dövrələrdə Norris Lekler üzərində təzyiqi artırsa da, ötmə fürsəti tapa bilməyib.

Damalı bayrağın dalğalanması ilə Maks Ferstappen finiş xəttini birinci keçərək qələbə qazanıb. Lyuis Həmilton ikinci, Kimi Antonelli isə üçüncü yeri tutub. Bununla da Antonelli 2026-cı il Formula 1 mövsümünün Dünya Çempionu titulunu rəsmiləşdirib.

Rauf Hacıyev

Şərh əlavə et