Pit yolunun sonunda yaşıl işıqların yanması ilə pilotlar həftəsonunun ilk sessiyası üçün trasa çıxmağa başlayıblar.
Sessiyada Ferrari-də yeni ata olan Şarl Leklerin əvəzinə Dino Beqanoviç, McLaren-də Oskar Piastrinin əvəzinə Leonardo Fornaroli, Cadillac-da Serxio Peresin əvəzinə Kolton Herta, Audi-də Niko Hülkenberqin əvəzinə Freddi Sleyter, Alpine-də Pyer Qaslini əvəzinə Qabriele Mini, Williams-da isə Karlos Saynsın əvəzinə Lyuk Brouninq trasa çıxıb.
Lyuis Həmilton trasdakı ilk təəssüratlarından sonra asfaltın kifayət qədər sürüşkən olduğunu bildirib.
İlk 10 dəqiqə geridə qaldıqdan sonra Maks Ferstappen 1:12.959 nəticə ilə zaman cədvəlinin zirvəsinə yüksəlib. Yeni dünya çempionu Kimi Antonelli isə həmin vaxt ikinci yerdə qərarlaşıb.
Bir neçə dəqiqə sonra Freddi Sleyterin idarə etdiyi Audi-nin 9-cu və 10-cu döngələr arasında trasda dayandığı görüntülənib. Bundan sonra sessiya qırmızı bayraqlarla dayandırılıb. Təxminən beş dəqiqəlik fasilədən sonra yaşıl bayraqlar yenidən dalğalanıb.
Sessiyanın yarısına yaxın Antonelli dövrə vaxtını yaxşılaşdıraraq 1:12.777 nəticə ilə liderliyi ələ keçirib. Lakin qırmızı zolaqlı təkərlərlə yenidən trasa çıxan Ferstappen 0,8 saniyə daha sürətli dövrə vuraraq birinci pilləyə qayıdıb.
Williams bolidində problem yaşayan Aleks Elbon isə avtomobilini trasdan kənarda təhlükəsiz yerdə saxlayaraq sessiyanı vaxtından əvvəl başa vurub.
Son dəqiqələrdə bütün pilotlar qırmızı zolaqlı təkərlərdən istifadə ediblər. Lando Norris 1:11.717 nəticə ilə zaman cədvəlinin zirvəsində qərarlaşıb.
Bir saatlıq sessiyanın sonunda damalanmış bayraq dalğalanıb və Lando Norris ilk sərbəst yürüşü lider tamamlayıb. Kimi Antonelli 0,082 saniyə geridə ikinci, Maks Ferstappen isə üçüncü olub.
Lyuis Həmilton dördüncü, Corc Rassell beşinci, Ayzek Hacar isə altıncı yeri tutub.






Şərh əlavə et