San-Pauluda keçirilən ilk sərbəst yürüşdən sonra hava buludlanıb və Niko Hülkenberqin bolidində yaranan problemə görə sessiyada iştirak edə bilməyəcəyi açıqlanıb. Start siqnalından sonra Hülkenberq istisna olmaqla, bütün pilotlar trasa çıxıblar.
Mercedes, McLaren, Alpine, Williams və Haas pilotları, həmçinin Lance Stroll və Qabriel Bortoleto orta tərkibli təkərlərə üstünlük veriblər. Digər pilotlar da eyni tərkiblə trasa çıxıblar.
İlk sürətli dövrələrin ardından Antonelli 1:11.957 nəticə ilə liderliyə yüksəlib. Lando Norris 1:12.110-la ikinci, Maks Ferstappen isə 1:12.281-lə üçüncü olub. Lyuis Həmilton sürətli dövrəsinin sonuna yaxın təkərləri lazımi temperaturadək qızdıra bilmədiyini bildirib və cəhdini yarımçıq saxlayıb.
Ferstappen növbəti cəhdində 1:12.108 nəticə göstərərək ikinci pilləyə yüksəlib. Lakin Norris 1:12.033-lük dövrə ilə mövqeyini geri qaytarıb.
Lyuis Həmilton döngəyə girişdə təkərləri bloklayıb və sol ön təkərində aşınma yaranıb. Hadisədən sonra britaniyalı pilot radio ilə şikayətlənib: “Bu təkərlərdəki problemin nə olduğunu anlamıram, xeyli çətinlik çəkirəm”.
Şarl Lekler də əyləclərdə qəribəlik olduğunu bildirib. Sessiyanın ilk 15 dəqiqəsi geridə qaldıqda Antonelli orta sektoru 37.097, son sektoru isə 16.161 saniyəyə qət edərək ən sürətli pilot olub. Norris isə 18.402 saniyə ilə ilk sektorda üstünlük qazanıb.
20 dəqiqədən sonra bütün pilotlar sazlamaları optimallaşdırmaq və məlumatları təhlil etmək üçün boksa qayıdıblar. Pilotlar yenidən trasa çıxdıqda hamı yumşaq təkərlərə keçib.
Antonelli 1:10.763-lük dövrə ilə öz nəticəsini yaxşılaşdıraraq liderliyini möhkəmləndirib. Corc Rassell 1:11.036 nəticə ilə Norris və Ferstappendən sonra dördüncü pillədə qərarlaşıb. Lekler isə mühərrikində qəribəlik hiss etdiyini bildirib.
Bir qədər sonra Ferstappen də mühərrikində problem yaşayıb. Niderlandlı pilot radio ilə mühərriklə danışırmış kimi davranaraq yarış mühəndisi ilə zarafatlaşıb.
Sessiyanın son 10 dəqiqəsinə daxil olarkən altıncı yerdə olan Həmilton 18.205 saniyə ilə ilk sektorda ən sürətli nəticəni göstərib. Antonelli isə orta sektoru 36.460, son sektoru 15.988 saniyəyə qət edərək üstünlüyünü qoruyub.
Qalan dəqiqələrdə sıralama dəyişməyib və Antonelli sessiyanı lider kimi başa vurub. Norris ondan 0.253 saniyə geri qalaraq ikinci, Ferstappen isə üçüncü olub.






Şərh əlavə et