Esteban Okonun komandadan ayrılmasından sonra vətənində keçirilən Braziliya Qran Prisində Haas-ın sükanı arxasına keçən Rafael Kamara Formula 1-dəki ilk günündə cəzalandırılıb.
Cümə günü keçirilən ikinci sərbəst yürüş sessiyasında əsas düzlüklə yüksək sürətlə hərəkət edilən hissədə Şarl Leklerin sürətli dövrəsinə mane olan braziliyalı pilot hadisədən sonra stüardların araşdırmasına cəlb edilib.
Stüardlar bildiriblər ki, radiodan dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Kamara yarış trayektoriyasında təhlükəli manevr edib. Lekler isə mümkün toqquşmadan yayınmaq üçün asfalt örtüyü tərk edərək çəmənliyə çıxmağa məcbur olub.
FIA-nın açıqlamasında deyilir: “51 nömrəli bolidə (Kamara) 16 nömrəli bolidin (Lekler) sürətli dövrədə olduğu barədə dəfələrlə xəbərdarlıq edilib. Buna baxmayaraq, 51 nömrəli bolid yarış xəttində qalmağa davam edib.
16 nömrəli bolid toqquşmanın qarşısını almaq üçün sağa yayınmağa məcbur olub və bu zaman avtomobilin böyük hissəsi trasdan kənara çıxıb. Yaranmış vəziyyət açıq şəkildə təhlükəli olub və 51 nömrəli bolidin 16 nömrəli bolidə mane olmamaq üçün daha diqqətli davranması tələb olunurdu.
Sərbəst yürüş sessiyalarında maneə yaratmağa görə standart cəza xəbərdarlıq olsa da, bu hadisədə töhmət verilməsinin məqsədəuyğun olduğu qənaətinə gəlinib”.






Şərh əlavə et