İnterlaqosda mutantların yarışı: Norris poul qazandı, qalanları isə…

İnterlaqosda mutantların yarışı: Norris poul qazandı, qalanları isə…
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Beləliklə, Braziliyada yenə yağışlı, uzun fasilələrlə müşayiət olunan və hamını intizarda saxlayan bir sıralanma turu izlədik. Günün sonunda Lando Norris yenə poul qazandı. Britaniyalının yağış performansı, ümumilikdə, heç də pis deyil. Amma yağışlı yarışlardan və sıralanmalardan yaxşı xatirələrinin olduğunu da deyə bilmərik. 2021-ci ilin Rusiya Qran Prisi və Belçikadakı sıralanma turu yəqin ki, onun yaddaşından heç vaxt silinməyəcək.

İndi isə bizi daha maraqlı start gözləyir. Keçən ilin dünya çempionu Lando Norris və ötən həftə çempionluğunu rəsmiləşdirən Kimi Antonelli ilk cərgədə yan-yana dayanacaqlar. Bir tərəfdə sabiq Dünya Çempionu Norris, digər tərəfdə isə yeni çempion. Elə bil, Braziliya Qran Prisi adi pilotları deyil, mutantları bir araya gətirib. Görək bu dəfə kim kimin öhdəsindən gələcək.

Həmiltonın 400-cü yarışı, İnterlaqosun isə başqa planları var

Keçək sıralanma turunun ən qəribə hadisələrinə. Bu həftəsonu Lyuis Həmilton karyerasının 400-cü Qran Prisində iştirak edir. Ancaq görünür, İnterlaqos bu yubileyi britaniyalı üçün yaddaqalan etmək yox, mümkün qədər çətinləşdirmək qərarına gəlib.

Bir həftəsonunda mühərriki iki dəfə sıradan çıxan, iki dəfə güc qurğusu dəyişdirilən pilot görmək hər gün rastlaşdığımız hadisə deyil. Özü də mövsümün sonuna yaxın! Belə mənzərələri vaxtilə McLaren Honda dövründə görməyə öyrəşmişdik. Bəzən komandalar mövsüm ərzində mühərrik limitini genişləndirmək üçün bilərəkdən əlavə güc qurğuları quraşdırırdılar. Ancaq Həmiltonun başına gələnlər artıq başqa səviyyədir.

Amma söhbət Həmiltondan gedir. Onun hər şeyi bir az təmtəraqlı olmalıdır. 400-cü yarış da adi keçə bilməzdi. Bir tərəfdən mühərrik problemləri, digər tərəfdən start cərgəsinin ən arxası… Sanki yubileyinə xüsusi proqram hazırlayıblar.

Bununla belə, Lyuisin sabahkı yarışda maraqlı rəqibi olacaq. O, mehriban düşməni Maks Ferstappenlə yan-yana start götürəcək. Bəlkə də 2021-ci ilin Braziliya Qran Prisindəki kimi, bu dəfə də startın arxasından gələn möhtəşəm qələbəyə şahidlik edəcəyik. Həmiltonun belə hekayələr yazmaq təcrübəsi var. Sadəcə bu dəfə qarşısında yenə Maks dayanır.

Alonso yenə yaşın sadəcə rəqəm olduğunu göstərir

Həftəsonunun ən maraqlı çıxışlarından biri də Fernando Alonsoya məxsus idi. Təəssüf ki, son cəhdlərində istədiyi nəticəni göstərə bilmədi. Buna baxmayaraq, Honda mühərrikli bolidlə səkkizinci yerdən start götürəcək. Bu nəticə isə təkcə yaxşı sıralanma demək deyil, həm də yeni bir tarixin yazılmasıdır.

Alonso 45 yaşında Qran Prinin ilk onluğundan start götürəcək. Bununla da 1958-ci ildən bəri yarışa ilk onluqdan başlayan ən yaşlı pilot olacaq. Sonuncu dəfə belə bir hadisə 1958-ci il Fransa Qran Prisində yaşanmışdı. Həmin vaxt 47 yaşlı Xuan Manuel Fanxio ilk onluqdan start götürmüşdü.

Bəli, 68 il sonra bu statistikada yenidən yaşlı bir pilotun adını görəcəyik. Alonso isə hələ də gənclərə dərs keçməkdə davam edir. Bəzən onun yarışlarını izləyəndə düşünürəm ki, bu adamın Formula 1-dən getmək üçün heç bir səbəbi yoxdur. Sürəti var, həvəsi var, rəqabət aparmaq istəyi var. Qalan hər şey isə sadəcə rəqəmlərdir.

İnterlaqosun özü də Alonsonun karyerasında xüsusi yer tutur. İspaniyalı burada heç vaxt qələbə qazana bilməyib, amma doqquz podium əldə edib. Bu göstərici ilə trasın ən çox podium qazanan pilotudur. Maraqlısı isə odur ki, həmin doqquz podiumun heç birində fəxri kürsünün ortasında dayanmayıb. Bəzən Formula 1-də statistikalar da pilotun taleyinə bənzəyir: hər şey var, amma ən vacib detal çatışmır.

Braziliyalılar üçün yubiley həftəsonu yarımçıq qaldı

Bu həftəsonu İnterlaqos üçün başqa bir səbəbdən də xüsusi idi. Düz 10 ildən sonra ilk dəfə pelotonda iki braziliyalı pilot görürdük: Qabriel Bortoleto və Rafael Kamara. Yerli azarkeşlər üçün bu, əsl bayram olmalı idi. Ancaq təəssüf ki, hər iki pilot qəza edərək mübarizəni dayandırdı. Bortoleto birinci, Kamara isə ikinci sessiyada yarışdan kənarda qaldı.

Bortoleto üçün bu nəticə xüsusilə məyusedicidir. Öz ölkəsində, öz azarkeşlərinin qarşısında yaxşı nəticə göstərmək istəyirdi. Kamara isə çətin şəraitdə kifayət qədər yaxşı təsir bağışladı. Haas kimi idarə edilməsi heç də asan olmayan bolidlə dəyişkən hava şəraitində rəqabət aparmaq özü böyük işdir. Qəza ilə nəticələnsə də, onun performansını müsbət qiymətləndirmək olar.

Louson öz yerini qorumaq üçün döyüşür

Həftəsonunun ən böyük ulduzlarından biri isə Liam Lousondur. Yeni zelandiyalı pilot sanki hər sessiyada özünə bir daha sübut etməyə çalışır ki, Formula 1-də yerini qorumağa layiqdir. Onun üçün hər nəticə vacibdir. Çünki bu idman növündə oturacağını qorumaq bəzən yarış qazanmaqdan da çətin olur.

Louson bu dəfə əla iş gördü və sabah yarışa üçüncü yerdən başlayacaq. Bu, onun üçün böyük fürsətdir. İlk döngələrdə düzgün mövqe tutsa, podium uğrunda mübarizəyə qoşula bilər. Üstəlik, belə dəyişkən şəraitdə göstərdiyi sürət onun özünəinamını da artırmalıdır.

Niko Hülkenberq də sevdiyi İnterlaqosda yaxşı sıralanma keçirdi. Alman pilot bu trasda həmişə rəqabətədavamlı görünür. Təcrübəsi və dəyişkən şəraitdə sürmək bacarığı ona sabah da kömək edə bilər.

Bu gün bizi nə gözləyir?

Sıralanma turunun nəticələri isə kifayət qədər qeyri-adi mənzərə yaradıb. Corc Rassell yeddinci, Şarl Lekler 14-cü, Maks Ferstappen 20-ci, Lyuis Həmilton isə 22-ci yerdən start götürəcək.

Bir tərəfdə ilk cərgədə iki dünya çempionu, arxada isə Ferstappen və Həmilton kimi pilotlar. Üstəlik, İnterlaqosun dəyişkən havası, çətin döngələri və məşhur ilk döngəsi… Burada yarışın sakit keçəcəyini düşünmək üçün heç bir əsas yoxdur.

Braziliyada həmişə gözlənilməz hadisələr, möhtəşəm ötmələr və dramatik finişlər görmüşük. 2008-ci ilin son dövrələri, 2012-ci ilin çempionluq mübarizəsi, 2021-ci ildə Həmiltonun geridən gəlişi… İnterlaqosun özünəməxsus yaddaşı var.

Deyəsən, sabah həmin yaddaşa daha bir maraqlı səhifə əlavə olunacaq. Norris və Antonelli ilk cərgədən başlayır, Ferstappen və Həmilton isə arxadan hücuma keçməyə hazırlaşır.

Mutantların yarışı başlayır. İnterlaqos, söz səndədir!

Bunları da oxuyun

Şərh əlavə et