Xəbəri Kokpitdə Oxuyun!

Antonelli gözləməyi sevmir: çempionluq üçün bir addım qalıb!

Bəziləri Formula 1-də çempion olmaq üçün illərlə gözləyir, bəziləri isə fürsət yaranan kimi qapını təpikləyib içəri girmək istəyir. Kimi Antonelli ikinci qrupa daxildir. Hələ karyerasının başlanğıcındadır, amma artıq tarix yazmağa hazırlaşır. Üstəlik, bunu mövsümün sonuna saxlamaq fikrində də deyil.

ABŞ-da çempionluq ssenarisi kifayət qədər aydın idi: Antonelli yarışı qazanmalı, Corc Rassell doqquzuncu və ya daha aşağı yerdə finiş görməli, Lyuis Həmilton isə beşinci və ya daha pis nəticə göstərməli idi. Sıralanma turundan sonra bu ssenarinin bəzi hissələri artıq reallığa çevrilib. Kimi poul mövqeyini qazandı, Həmilton beşinci, Rassell isə altıncı oldu.

İndi hesab sadədir: Antonelli yarışda qələbə qazanmalı, Rassell isə indiki mövqeyindən ən azı üç yer itirməlidir. Əlbəttə, yarışın öz qanunları var və sıralanma nəticələri finiş xəttindəki mənzərəyə zəmanət vermir. LAkin bu gün hər şey plan üzrə getsə, Formula 1 tarixinin ən gənc dünya çempionunu görə bilərik. Kiminin yaşı hələ bir çox sürücünün karyerası barədə ciddi düşünməyə başladığı dövrə belə çatmayıb, ancaq o, artıq tac uğrunda mübarizə aparır.

Mercedes də nəhayət ki, özünü toparlamağa başlayıb. Malayziyadakı yeniliklər gözlənilən nəticəni verməyəndən sonra komanda bolidə kiçik toxunuşlar edib. Bəzən Formula 1-də möcüzə yaratmaq üçün maşını başdan-ayağa dəyişmək lazım gəlmir. Düzgün yerdə edilən bir neçə dəyişiklik kifayət edir ki, hər şey yenidən yoluna düşsün. Hər halda, Antonellinin poul qazanması bu müdaxilələrin uğurlu alındığını göstərir.

Amma gəlin, çempionluq tacını indidən Kiminin başına qoymayaq. Çünki bu hekayədə Maks Ferstappen adlı kifayət qədər ciddi bir maneə var.

Ferstappen bu dəfə poul qazana bilmədi, ancaq Ayzek Hacarın nəticəsi Red Bull-un sürət baxımından rəqabətdən qopmadığını göstərdi. ABŞ trasında isə hər şey sıralanma turunda həll olunmur. Burada pouldan başlamadan da qələbə qazanmaq mümkündür. Üstəlik, Maks bu trası sevir.

Ferstappenin əsas üstünlüyü təkcə sürəti deyil. O, yarışın gedişatını oxumağı, fürsətləri görməyi və rəqiblərinin səhvlərindən maksimum yararlanmağı bacarır. Antonelli üçün qarşıdakı yarış sadəcə poul mövqeyini qələbəyə çevirmək məsələsi deyil. Bu, həm də təzyiq altında nə qədər soyuqqanlı qala biləcəyinin sınağıdır. Çempionluq uğrunda mübarizədə sürətli olmaq vacibdir, amma bəzən ən vacib məsələ tələsməməkdir.

Ferrari isə yenə öz fanatlarını məyus etməyi bacardı. Sərbəst yürüşlərin hamısında ən sürətli olmaq, sonra sıralanmanı dördüncü və beşinci yerlərdə başa vurmaq… Bu komandanın azarkeşləri üçün artıq tanış ssenaridir. Hər şey ümidverici görünür, gözləntilər yüksəlir, sonra isə Ferrari sanki yarışın ən vacib hissəsində əl əyləcini çəkir.

Əlbəttə, dördüncü və beşinci yerlər fəlakət deyil. Ancaq sərbəst yürüşlərdə göstərilən sürətdən sonra bu nəticələr ürəkaçıcı sayıla bilməz. Bununla belə, Ferrari fanatlarının ümidlərini tamamilə öldürmək də olmaz. 2024-cü ildə Şarl Lekler bu trasda dördüncü yerdən start götürmüş, sonra isə rahat qələbə qazanmışdı. Deməli, tarix özünü təkrarlaya bilər.

Ancaq bir sual var: Ferrari həqiqətən də həmin ssenarini təkrarlaya biləcək qədər güclüdür, yoxsa sərbəst yürüşlərdəki sürət yenə də azarkeşlərə verilən növbəti yalançı ümid idi? Cavabı yarış verəcək. Ferrari-nin cavabları isə adətən ya çox sevindirici, ya da həddindən artıq məyusedici olur. Ortasını tapmaq bu komanda üçün həmişə çətin məsələdir.

Gələk Corc Rassellə.

Mövsümün əvvəlində Rassellin özünü çempionluğun əsas namizədlərindən biri hesab etməsi üçün kifayət qədər səbəbi var idi. Mercedes sürətli idi, o isə komandanın lideri roluna hazır görünürdü. Bəlkə də Kiminin bu qədər tez böyüyəcəyini gözləmirdi. Bəlkə də gənc komanda yoldaşını uzun müddət ciddi rəqib kimi qəbul etmədi. Bəlkə də məsələ bunların heç birində deyil və sadəcə mövsümün gedişində təzyiqin öhdəsindən gəlməkdə çətinlik çəkdi.

Ancaq indi mənzərə dəyişib. Antonelli tarix yazmağa hazırlaşır, Rassell isə öz mövqeyini qorumaq üçün mübarizə aparır. Mövsümün bu mərhələsində onun üçün vəziyyəti dəyişmək getdikcə çətinləşir. Çempionluq şansları baxımından bu mövsümün artıq əldən çıxdığını demək olar. İndi əsas məsələ qalan yarışları mümkün qədər yaxşı başa vurmaq və növbəti mövsümə hazırlaşmaqdır.

Bununla belə, Rassellin gələcəyinə indidən qara rəng çəkmək də düzgün olmaz. Formula 1-də bir uğursuz mövsüm sürücünün karyerasını bitirmir. Amma uğursuzluq uzandıqca, səhvlər təkrarlandıqca və komanda yoldaşın səni kölgədə qoyduqca vəziyyət dəyişir. Bu idman növündə reputasiya qazanmaq illər çəkə bilər, onu itirmək isə bəzən bir neçə yarışa sığır.

Rassell özünü toparlamalıdır. Çünki Formula 1-də heç kimə keçmiş uğurlarına görə güzəşt edilmir. Bu gün Mercedes-də lider ola bilərsən, sabah isə başqa komandanın sükanı arxasında özünə yer axtararsan. İki-üç mövsüm ərzində özünü yenidən sübut edə bilməsə, orta səviyyəli komandaların qapısını döymək ehtimalı da arta bilər. Əlbəttə, bu, qaçılmaz ssenari deyil. Lakin Formula 1-in qəddarlığı da elə bundadır: burada heç kim sənin dünən kim olduğunu xatırlamaq məcburiyyətində deyil.

Bütün bunların fonunda bugünkü yarış daha da maraqlı görünür. Antonelli tarixə düşmək üçün əlverişli mövqedədir. Ferstappen fürsət gözləyir. Ferrari itirilmiş ümidləri geri qaytarmağa çalışacaq. Rassell isə mövsümün ən vacib yarışlarından birində özünə cavab verməlidir.

Bəlkə də sabah yeni bir çempionun doğuluşunu izləyəcəyik. Bəlkə də Ferstappen yenə bütün hesablamaları alt-üst edəcək. Bəlkə də Ferrari hamımızı təəccübləndirəcək. Formula 1-in gözəlliyi də bundadır: yarış başlamazdan əvvəl hər kəsin ssenarisi var, amma finiş xəttini keçəndə yalnız bir həqiqət qalır.

Kimi Antonelli gözləmək istəmir. İndi sual başqadır: Formula 1 onun tarix yazmasına hazırdırmı?

Rauf Hacıyev

Şərh əlavə et