Xəbəri Kokpitdə Oxuyun!

Ayzek Hacar xəbərdarlıq alıb

Ayzek Hacar ABŞ Qran Prisinin sərbəst yürüş sessiyasında Aleks Elbonla yaşadığı insident zamanı təhlükəli hərəkət etdiyinə görə stüardlar tərəfindən rəsmi xəbərdarlıq alıb.

ABŞ Qran Prisinin sərbəst yürüşündə 1-ci döngəyə yaxınlaşarkən Williams pilotu Alek Elbonun ona mane olduğunu düşünən Ayzek Hacar radio vasitəsilə rəqibinə etiraz edib. Sərt ifadələr işlədən fransalı pilot Elbonun yarış trayektoriyasında sanki “yatdığını” deyib. Daha sonra döngədən çıxarkən bolidini Williams pilotunun üzərinə doğru yönəldib.

Stüardlar tərəfindən araşdırılan və “qisas hərəkəti” kimi qiymətləndirilən bu manevrə görə Hacara rəsmi xəbərdarlıq verilib. Qərarda vurğulanıb ki, hərəkət təhlükəli vəziyyətə səbəb olsaydı və ya təmasla nəticələnsəydi, pilot daha ağır cəza ala bilərdi.

FIA stüardlarının dərc etdiyi qərarda belə deyilir: “6 nömrəli bolidin (Ayzek Hacar) pilotu və komanda nümayəndəsi dinlənilib, video görüntülər araşdırılıb.

1-ci döngəyə yaxınlaşarkən 23 nömrəli bolidin (Aleks Elbon) pilotu arxadan gələn 6 nömrəli bolidə mane olmamaq üçün trayektoriyanın xarici hissəsinə çəkilib. Lakin 6 nömrəli bolidin pilotu təkərləri bloklayıb və sürətli dövrəsini yarımçıq dayandırmalı olub.

Baş verənlərə açıq şəkildə qəzəblənən pilot 23 nömrəli bolidin üzərinə doğru sükan hərəkəti edərək qisas kimi qiymətləndirilə biləcək addım atıb. Stüardlar bu hərəkəti yalnız təhlükəli deyil, həm də qarşısı alınmalı olan davranış kimi qiymətləndirərək pilota rəsmi xəbərdarlıq veriblər.

Bu hərəkət qəza ilə nəticələnsəydi, daha ağır cəza tətbiq ediləcəkdi”.

Sərbəst yürüşlərdə aldığı cəzaya və balans problemlərinə baxmayaraq, Hacar ABŞ Qran Prisinin sıralanma turunda üçüncü yeri tutub. Fransalı pilot sessiyadan sonra verdiyi açıqlamada əsas yarış üçün ümidli olduğunu bildirib.

Rauf Hacıyev

Şərh əlavə et