Şarl Lekler və Lyuis Həmilton bazar günü keçiriləcək ABŞ Qran Prisinə dördüncü və beşinci yerlərdən başlayacaqlar. Lakin monakolu pilot Ostində ilk döngəyə yaxınlaşarkən hər ikisinin keçilməməli olan sərhədi bildiyini deyib.
Sıralanma turunu komanda yoldaşından öndə başa vuran monakolu sürücü mövsüm ərzində həm özünün, həm də Həmiltonun bəzi hallarda bu sərhədi aşdığını qəbul edib.
Bunun nümunələrindən biri Monzada yaşanıb. Ferrari-nin ev yarışının ilk dövrəsində Həmilton ilk döngədə daxildən hücuma keçərkən iki pilot arasında təmas baş verib. Lekler isə ikinci döngəyə daxil olarkən öz trayektoriyasını qoruyaraq komanda yoldaşını trasdan kənara sıxışdırıb. Dördüncü yerdən start götürən Həmilton yarışı altıncı pillədə başa vurub, Lekler isə artıq ikinci dövrədə qəza edərək mübarizədən kənar qalıb.
Həmilton həmin vaxt baş verənlərə etiraz edərək belə demişdi: “Burada heç bir qayda yoxdur. Bu məsələni həll etməliyik”.
Lekler isə hadisəni belə şərh etmişdi: “Doğrudan da, burada həddi aşdığımızı düşünürəm. Məncə, Lyuis bunu birinci döngədə etdi. Daha sonra ikinci döngədə mümkün qədər dar trayektoriya ilə hərəkət etməyə çalışdım, amma bu da kifayət etmədi. Bunu məhz burada etmək də düzgün deyil”.
COTA trasında ilk döngəyə doğru yoxuşla hərəkət edərkən iki Ferrari bolidinin bir-birinə yaxın mövqedə olması gözlənilir. Lekler isə komanda yoldaşına qarşı aqressiv manevrə əl atmayacaqlarına dair azarkeşləri əmin edib: “Hansı sərhədi keçməməli olduğumuzu bilirik. Mövsüm ərzində həm mənim, həm də Lyuisin bu həddi aşdığı hallar olub. Belə vəziyyətlərin yenidən yaşanmasını istəmirik.
Bu trasda, Sinqapurda olduğu kimi, yavaşlamaqla və ya komandanı işə cəlb etməklə vəziyyəti dəyişmək üçün xüsusi bir şey edə biləcəyimizi düşünmürəm. Amma harada olmağımızdan asılı olmayaraq, bir-birimizdən məsafə saxlamaq həmişə yaxşıdır”.
Şarl Lekler sonda yarış barədə də danışıb: “Düşünmürəm ki, rəqiblərimiz sessiyalar arasında nəyisə dəyişdiyi üçün geridə qaldıq. Mövqelərimizi öz problemlərimizə görə itirdik və bunların əsas hissəsi təkərlərlə bağlı idi.
Final mərhələsində buludların sayı artdı, trasın temperaturu bir-iki dərəcə aşağı düşdü. Bu, bizim üçün gecə ilə gündüz qədər böyük fərq yaratdı. Hələ boksları tərk edərkən təkərlərlə bağlı problem yaşadığımızı hiss etdim.
Bunun final mərhələsində baş verməsi təəssüf doğurur. Əminəm ki, ön qrupda mübarizə aparmağa imkan verən tempimiz var idi. Amma təəssüf ki, yenə də bunu bacarmadıq.
Qələbə qazanmaq şansımız varmı? Deyəsən, sonuncu dəfə burada dördüncü yerdən start alanda qalib gəlmişdim. Ümid edirəm, bu gün bunu təkrarlaya bilərəm.
Əsas məsələ yaxşı start götürmək, sonra bolidi düzgün mövqeləndirmək və birinci döngədə nələrin baş verə biləcəyini əvvəlcədən təxmin etməyə çalışmaqdır. Orada çox fərqli ssenarilər mümkündür. Hər şeyi düzgün etsəniz, bu trasda digər traslarla müqayisədə daha böyük nəticə əldə edə bilərsiniz. Buna görə də startı səbirsizliklə gözləyirəm”.




Şərh əlavə et