Ostin yarışında hər şey Kiminin istədiyi kimi getdi. Meksikada isə hesabı bağlamaq üçün ona cəmi iki xal lazımdır. Yəni finiş xəttini xal zonasında keçməsi kifayətdir. Antonellinin çempion olmaması üçün isə vəziyyət xeyli mürəkkəbdir: özü yarışı başa vura bilməməli, üstəlik, Lyuis Həmilton və ya Corc Rassell qələbə qazanmalıdır. Başqa sözlə, titulun əldən çıxması üçün hadisələr bir neçə istiqamətdə eyni vaxtda Antonellinin əleyhinə inkişaf etməlidir. Bu saatdan sonra çempionluq uğrunda mübarizədən daha çox, çempionluğun rəsmiləşəcəyi anı gözləyirik.
Kimi isə Ostində işi sonraya saxlamaq istəmədi. Yarış başlayandan finişədək qüsursuz sürdü. Nə lazımsız riskə getdi, nə də rəqiblərinə fürsət verdi. Mercedes də öz növbəsində düzgün taktika seçərək pilotunun işini asanlaşdırdı. Beləcə, Antonelli doqquzuncu qələbəsini qazandı. Onuncu qələbə isə yubiley xarakteri daşıyacaq: böyük ehtimalla, məhz həmin yarışda Dünya Çempionluğunu da rəsmiləşəcək.
Təsəvvür edin, hələ karyerasının başlanğıcındadır, amma artıq qələbələri saymaq üçün iki əlin barmaqlarından istifadə etməyə hazırlaşır. Bəziləri Formula 1-də illərlə bir qələbənin həsrətini çəkir, Kimi isə sanki çempionluq məsələsini həll edib növbəti mövsümün planlarını düşünür. Əlbəttə, hələ rəsmən heç nə bitməyib. Ancaq bu saatdan sonra Antonellinin titulunu itirməsi üçün yarışın özündən daha çox, ciddi bir fəlakət ssenarisi lazımdır.
Bu, pilotların yox, strateqlərin yarışı idi

Ostin yarışı bizə bir daha göstərdi ki, Formula 1-də sürətli bolid və güclü pilot hər şeyi həll etmir. Bəzən yarışın taleyini komanda körpüsündəki monitorlara baxan adamlar müəyyənləşdirir. Bu dəfə isə strateqlər ön plana çıxdılar. Kimi Antonelli və Mercedes düzgün qərarlarla qazandı, Ferrari gözlənilməz dərəcədə yaxşı iş gördü, Red Bull isə öz əlləri ilə işini çətinləşdirdi.
Maks Ferstappenə seçilən Soft-Soft-Medium taktikası kağız üzərində aqressiv və cəsarətli görünə bilərdi. Ancaq Ostində təkərlərin yeyilmə sürətini nəzərə alsaq, bu qərarın nə dərəcədə riskli olduğu aydınlaşır. Red Bull sanki rəqiblərini ilk dövrələrdə məğlub etmək istəyirdi, amma yarış 100 metrlik sprint deyil. Burada təkərləri də finiş xəttinə qədər çatdırmaq lazımdır.
İki dəfə Soft təkərlərlə start götürmək Maksın əlindəki kartları tez oynamaq demək idi. Aqressiv taktikanın işləməsi üçün təkərlər lazımi qədər dözməli, pilot isə rəqibləri ilə arasındakı fərqi vaxtında yaratmalı idi. Ancaq Ostin belə planlar üçün heç də ideal məkan deyil. Red Bull-un bu qərarı nəticədə gözlənilən üstünlüyü gətirmədi. Bəzən rəqibə tələ qurmaq istəyərkən özünü həmin tələyə salırsan. Ostində Red Bull-un başına gələn də buna bənzəyirdi.
Mercedes isə Medium-Hard kombinasiyası ilə daha sakit, amma daha ağıllı yol seçdi. Komanda yarışın bütün məsafəsini nəzərə aldı və təkərləri vaxtından əvvəl məhv etmək əvəzinə, onları işin sonuna qədər qorumağa çalışdı. Nəticə də göz qabağındadır: Antonelli qələbə qazandı, Mercedes isə taktiki baxımdan rəqiblərindən bir addım öndə oldu.
Ferrari də bu dəfə hamını təəccübləndirdi. Ən əsası, komanda yarışın son hissəsində Hard təkərlərlə düzgün qərar verərək Şarl Leklerə ikinci yeri qazandırdı. Ferrari azarkeşləri üçün bu, xüsusilə xoş mənzərədir. Çünki Maranelloda bəzən bolidin sürətindən daha çox, pit divarının nə edəcəyi barədə narahat oluruq. Bu dəfə isə strategiya komandanın xeyrinə işlədi.
Lekler Ostində yenə sinif göstərdi

Şarl Leklerin Ostindəki performansı ayrıca alqışa layiqdir. Moneqasklı pilot təkcə nəticə qazanmadı, həm də sükan arxasında nə qədər güclü olduğunu bir daha nümayiş etdirdi. Ostin trasını yaxşı tanıyan, burada uğurlu çıxışları ilə seçilən Lyuis Həmiltona ciddi fərq atmaq hər sürücünün bacaracağı iş deyil.
Lekler yarış boyu sürətini qorudu, təkərlərlə düzgün davrandı və fürsət yarananda ondan maksimum yararlandı. Ferrari-nin ikinci yeri yalnız taktikanın nəticəsi deyildi. Komanda düzgün qərar verdi, lakin həmin qərarı nəticəyə çevirən də sükan arxasındakı pilot idi.
Həmilton isə podiuma yüksəlmək üçün kifayət qədər yaxşı vəziyyətdə idi. Təəssüf ki, marşalların qərarları və hadisələrə müdaxilə tərzi yenə müzakirə mövzusu oldu. İspaniyada gördüyümüz mənzərəni xatırladan bu vəziyyətdə iki dövrə faktiki olaraq itirildi. Yarışın gedişinə təsir edən qərarlar verildikdə, bunun nəticəsini pilotlar çəkir. Həmilton da podium uğrunda mübarizədə həmin itkinin əvəzini ödəməli oldu.
Əlbəttə, marşalların qərarlarını tənqid etmək asandır, ancaq əsas məsələ onların ardıcıl və vaxtında qərar verməsidir. İki dövrəlik gecikmə yarışın taleyinə təsir edə bilirsə, burada müzakirə üçün kifayət qədər səbəb var. Formula 1-də saniyələr belə baha başa gəlir, iki dövrə isə bütöv bir fürsəti əldən vermək deməkdir.
Rassell, sən haradasan?

Gələk Corc Rassellə. Açığı, bu mövsüm onun çıxışlarını izlədikcə adamda belə təəssürat yaranır ki, pilot bəzən kokpitdə oturub, dirsəyini kənara söykəyərək yarışa tamaşa edir. Elə bil, tələsməyə ehtiyac yoxdur, hər şey onsuz da öz-özünə düzələcək.
Amma Formula 1-də heç nə öz-özünə düzəlmir, Corc.
Avstraliyadakı çıxışını kənara qoysaq, mövsüm ərzində yadda qalan yarışlarının sayı çox azdır. Çempionluq iddiası ilə mövsümə başlayan pilot üçün bu, ciddi problemdir. Üstəlik, komanda yoldaşı Antonelli getdikcə daha inamlı sürür, qələbələr qazanır və dünya çempionluğuna yaxınlaşır. Rassell isə sanki öz mövsümünü kənardan izləyir.
Bu yarışda 45 yaşlı Fernando Alonso belə Rassellə müqayisədə daha çox riskə getməyə hazır görünürdü. Alonso yaşına baxmayaraq, hələ də fürsət axtarır, boşluq görəndə hücum edir və rəqibinə rahatlıq vermir. Rassell isə bəzən elə təsir bağışlayır ki, sanki yarışın bitməsini və mövsümün bağlanmasını gözləyir.
Ləns Strollun mövsümünü nəzərə almasaq, Rassell hazırda ən məyusedici çıxış edən pilotlardan biri təsiri bağışlayır. Bu, onun sürücülük qabiliyyətinin olmadığı demək deyil. Ancaq potensial başqa şeydir, onu trasda göstərmək tamam başqa. Formula 1-də səndən gözlənilən nəticəni davamlı şəkildə verə bilmirsənsə, istedadının nə qədər böyük olduğunu xatırlatmağın mənası qalmır.
Ən pisi isə odur ki, Rassell üçün vaxt daralır. Antonelli artıq komandanın gələcəyi olmaqdan çıxıb, bu günün əsas qəhrəmanına çevrilir. Mercedes-in gənc pilotu qələbələr qazandıqca, Rassellin üzərindəki təzyiq də artır. Komanda rəhbərliyi üçün seçim etmək lazım gəlsə, hansı pilotun hazırda daha çox nəticə verdiyi sualına cavab tapmaq çətin olmayacaq.
Mercedes qazandı, Ferrari təəccübləndirdi, Red Bull isə…

Beləliklə, Ostində komanda körpülərinin mübarizəsində qalib Mercedes oldu. Komanda həm taktiki, həm də idman baxımından düzgün qərarlar verdi. Antonelli qələbə qazandı, çempionluğa bir addım da yaxınlaşdı və Meksikaya böyük üstünlüklə yollanır.
Ferrari isə gözlənilməz dərəcədə yaxşı strategiya seçərək ikinci yeri qazandı. Bu dəfə Maranelloda hər şeyin yolunda getdiyini demək olar. Lekler öz işini gördü, komanda da ona lazım olan dəstəyi verdi. Əgər Ferrari bu yanaşmanı davam etdirə bilsə, mövsümün qalan hissəsində daha çox xoş sürpriz görə bilərik.
Red Bull isə öz taktiki qərarları ilə yarışı çətinləşdirdi. Maksın sürəti olsa da, təkər seçimi və strategiya komandanın istədiyi nəticəni gətirmədi. Formula 1-də bəzən ən aqressiv qərar ən ağıllı qərar olmur. Ostin bunu bir daha sübut etdi.
İndi bütün diqqətlər Meksikaya yönəlir. Antonelliyə iki xal lazımdır. Cəmi iki xal! Bu, bir neçə dövrə ərzində qazanıla biləcək qədər kiçik, amma Formula 1 tarixində yeni səhifə açacaq qədər böyük rəqəmdir.
Kimi artıq çempionluq tortunu hazırladıb. Şamları yandırmaq üçün isə Meksikaya gedir.
Görünür, bu dəfə tortun üstündəki yazı da hazırdır: Dünya çempionu Kimi Antonelli.





Şərh əlavə et