Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Arxadakı sürücülər keyfiyyətsizdir

ABŞ Qran Prisində Aleks Elbonla təmas nəticəsində bolidinin altlığı zədələnsə də, yarışı başa vurmağı bacaran Fernando Alonso mətbuata açıqlama verib.

Ostin yarışının ilk dövrələrində Aleks Elbonla təmasdan sonra bolidində ciddi zədə yaranan Fernando Alonso bütün yarış boyu altlıqdan lazımi səmərəliliyi ala bilməyib. İkinci pit-stopdan sonra yarışı dayandırmağı düşünsə də, komandaya məlumat toplamaqda kömək etmək üçün mübarizəni davam etdirən ispaniyalı pilot 12-ci yerə qədər yüksəlib.

 

Yarışdan sonra müsahibə verən Fernando Alonso vəziyyəti belə şərh edib: “11-ci döngədə Alekslə təmas yaşadım və ən böyük zədəni də orada aldıq.

Yəqin ki, hər dövrədə yarım saniyədən çox vaxt itirirdik. Yarışdan sonra bolidə kənardan baxdım, altlıq demək olar ki, yox olmuşdu. Bu bolidlə yarışı necə davam etdirə bildiyimizi həqiqətən bilmirəm.

Bolid zədələnməsəydi, bu gün böyük ehtimalla xal qazana bilərdik. Çünki bu vəziyyətdə belə 12-ci yerdəyik.

Williams ilə aramızdakı güc balansına gəlincə, bəzən biz daha yaxşı oluruq, bəzən də onlar. Bu, mühərrik gücünün daha çox əhəmiyyət daşıdığı traslardan asılı olaraq dəyişir.

Amma bu gün xal qazana və Mühəndislər Çempionatında onlara yaxınlaşa bilərdik. Təəssüf ki, artıq bunun üçün başqa fürsətimiz qalmayıb.

Ən arxa sıralardan start götürəndə təmas riski həmişə olur. Məncə, arxa qrupdakı pilotların səviyyəsi də çox aşağıdır. Bu gün Alekslə yaşadığımız hadisə də bunu göstərdi.

Buna görə də bolidi inkişaf etdirməli və sıralanma turlarında daha yuxarı mövqelərdən start götürməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et