Xəbəri Kokpitdə Oxuyun!

Pirelli: Bir pit-stoplu strategiya uğurlu alındı

Pirelli ABŞ Qran Prisinin nəticələrini şərh edərək Kimi Antonellinin yarışı bir pit-stopla inamlı şəkildə qazandığını vurğulayıb. Halbuki podiuma yüksələn digər iki pilot — Şarl Lekler və Maks Ferstappen — yarışı iki pit-stopla başa vurmağı seçiblər.

Dario Marrafuski, Pirelli Motorsport-un direktoru: “Strategiya baxımından ABŞ Qran Prisi çox maraqlı yarış oldu. Yarış ərzində komandalar hər üç tərkibdə təkərlərdən istifadə etdilər.

Ostinə gətirdiyimiz təkərlərin effektivliyi həftəsonunun əvvəlində formalaşan gözləntilərimizə uyğun idi. Bununla belə, Hard təkərlər gözlədiyimizdən bir qədər yaxşı işləyirdi.

Müşahidə etdiyimiz təkər yeyilməsi səviyyəsi sərbəst yürüşlərin nəticələrinə əsasən verdiyimiz proqnozları təsdiqlədi. Ən səmərəli strategiya bir pit-stopla yarışı başa vurmaq kimi görünürdü. Bugünkü yarış da bunu göstərdi, baxmayaraq ki, iki strategiya arasındakı vaxt fərqi çox az idi.

Bəzi komandalar iki pit-stop strategiyasını əsasən Ferstappenin erkən pit-stopundan sonra seçdilər. Maks Antonellini təqib etməyə çalışarkən boksalara daxil oldu və bu, bir növ zəncirvari reaksiyaya səbəb oldu.

Trasda sərbəst hərəkət etmək imkanı əldə edən pilotlar bir pit-stop strategiyasının kifayət qədər effektiv olduğunu təsdiqlədilər və finiş xəttinə qədər sabit tempi qoruyub saxlaya bildilər.

Təkərlərin yeyilməsi nisbətən yüksək idi və bütün komandalar üçün təxminən eyni səviyyədə qaldı. Yeyilmənin əhəmiyyətli dərəcədə artmasına dair əlamətlər qeydə alınmadı. Ümumilikdə, təkərlər çox sabit işləyirdi. Hard təkərlər yüksək effektivlik nümayiş etdirdi və bu da, xüsusilə, Leklerin Ferstappeni qabaqlamasına imkan verdi”.

Rauf Hacıyev

Şərh əlavə et