Formasiya dövrəsindən sonra pilotlar start mövqelərində yerlərini alıblar və işıqların sönməsi ilə 22 dövrəlik mübarizə başlayıb.
Startda əla çıxış edən Bezzekki ilk döngəyə lider daxil olub. Mark Markes ikinci, Raul Fernandes isə üçüncü yerdə qərarlaşıb. Xorxe Martin də səkkizinci pilləyə yüksəlib.
Növbəti döngədə Raul Fernandes Mark Markesi qabaqlayaraq ikinci yerə yüksəlib. İlk dövrənin sonuna yaxın Bezzekki ilə arasındakı fərqi də bir qədər azalda bilib.
İkinci dövrədə Markes Pedro Akostaya da mövqeyini uduzaraq dördüncü yerə geriləyib.
Altıncı dövrədə Akosta təkər təzyiqi ilə bağlı problem yaşayıb və tempi aşağı düşüb. Bu zaman Markesin hücumuna müqavimət göstərməyən Akosta dördüncü yerə geriləyib.
Yarışın doqquzuncu dövrəsində Markes Raul Fernandesin arxasınca getməyə davam edib və aradakı üç saniyəlik fərqi azaltmağa çalışıb. Fernandes isə lider Bezzekkidən təxminən bir saniyə geri qalıb.
10-cu dövrədə Bezzekki 1:52.691 nəticə göstərərək yarışın ən sürətli dövrəsini vurub. O, həm təkərlərini qorumağa, həm də fərqi artırmağa çalışıb.
11-ci dövrədə Xorxe Martin Fabio Di Cianantonionu qabaqlayaraq səkkizinci yerə yüksəlib.
15-ci dövrədə Ay Oqura Enea Bastianinini geridə qoyaraq beşinci pilləyə qalxıb. Növbəti dövrədə Dieqo Moreyra texniki problem səbəbindən motosikletini qaraja qaytararaq yarışı vaxtından əvvəl başa vurub. Bundan dərhal sonra Bred Binder də mübarizəni dayandırıb.
17-ci dövrədə Akosta təkər təzyiqi probleminə görə yenidən temp itirib və Oquraya onu qabaqlamaq imkanı verib.
19-cu dövrədə Bezzekki 3,566 saniyəlik fərqlə liderliyini rahat şəkildə qoruyub.
Markes isə Raul Fernandeslə arasındakı 0,367 saniyəlik fərqi bağlamaq üçün motosikletinin bütün imkanlarından istifadə edib. Finişə üç dövrə qalmış ilk düzlüklərin birində Fernandesə hücum edən Markes ikinci yerə yüksəlib.
Damalı bayrağın dalğalanması ilə Marko Bezzekki Qətər Qran Prisinin qalibi olub. Son dövrələrdə rəqibini qabaqlayan Mark Markes ikinci, Raul Fernandes isə üçüncü yeri tutaraq podiumu tamamlayıb.






Şərh əlavə et