V8 mühərriklərinə qayıdış müzakirə olunur
Formula 1-in gələcək mühərrik qaydaları ilə bağlı müzakirələr yeni mərhələyə qədəm qoyub. Komandalar və pilotlarla aylardır davam edən müzakirələrdən sonra FIA bu gün mühərrik istehsalçılarının hazırladığı rəsmi təklifləri nəzərdən keçirmək üçün görüş keçirir.
The Race-in məlumatına görə, tərəflər gələcək nəsil güc qurğularının daha ucuz, daha sadə və azarkeşlər üçün daha cəlbedici olması ilə bağlı ümumi razılığa gəliblər. Bugünkü görüşdə bu məqsədlərə çatmaq üçün hazırlanmış texniki dəyişikliklər müzakirə olunacaq.
2,1 litrlik V8 mühərrik təklifi
Gündəliyin əsas mövzusu gələcək güc qurğularının 2,1 litrlik V8 daxiliyanma mühərrikləri əsasında hazırlanmasıdır. Bu yanaşma hazırkı 1,6 litrlik V6 mühərrikə iki silindr əlavə edilməsini nəzərdə tutur. Beləliklə, tamamilə yeni mühərrik konsepsiyası hazırlamaq əvəzinə mövcud texniki bazadan istifadə etməklə inkişaf xərclərini məhdudlaşdırmaq hədəflənir.
Yeni mühərriklərdə daha kiçik turbokompressordan istifadə edilməsi və turbo təzyiqinin azaldılması da təkliflər arasındadır. Hibrid sistemin gücünün isə hazırkı 350 kVt-dan 200 kVt-a endirilməsi nəzərdən keçirilir.
Lakin 200 kVt gücün hamısı pilotların daimi istifadəsinə verilməyəcək. Təklifə əsasən, sürücülər normal şəraitdə 100 kVt elektrik gücündən yararlana biləcəklər. Qalan 100 kVt isə ötmə rejimində istifadə oluna biləcək.
Bəzi təkliflər qəbul edilməyib
Müzakirələr zamanı irəli sürülən bütün təkliflər mühərrik istehsalçılarının dəstəyini qazanmayıb. Onlardan biri əsas güc qurğusunun layihələndirilməsi və istehsalının müstəqil şirkətə həvalə olunması, hazırkı mühərrik istehsalçılarının isə həmin mühərriki öz ehtiyaclarına uyğun təkmilləşdirməsi idi. Lakin bu yanaşma qəbul edilməyib.
Digər tərəfdən, yeni qaydaların nə vaxt qüvvəyə minəcəyi də hələ dəqiq deyil. İlkin plana əsasən, hazırkı mühərrik qaydalarının 2030-cu il mövsümünün sonuna qədər qüvvədə qalması gözlənilirdi. Bununla belə, FIA prezidenti Mohammed Ben Sulayem V8 mühərriklərinin 2030-cu ildə Formula 1-ə qayıtmasını istədiyini dəfələrlə dilə gətirib.
Bugünkü görüşdən sonra yeni mühərrik qaydalarının texniki çərçivəsi və mümkün tətbiq qrafiki ilə bağlı daha aydın təsəvvürün yaranacağı gözlənilir.






Şərh əlavə et