Nike 20 illik fasilədən sonra Formula 1-ə qayıdır. Şirkət çempionat üçün xüsusi ayaqqabı, geyim və aksesuar kolleksiyaları hazırlayacaq, həmçinin idman avadanlıqları sahəsində yeni həllərin yaradılması ilə məşğul olacaq. Əməkdaşlıq çərçivəsində yarış həftəsonlarında azarkeşlər üçün müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub.
Bundan əlavə, Nike qadınlar arasında keçirilən F1 Academy seriyasının da rəsmi tərəfdaşı və geyim təchizatçısı olacaq.
Formula 1-in Prezidenti və icraçı direktoru Stefano Domenikali bildirib: “Formula 1 və Nike dünyanın ən tanınmış iki brendidir. Bizi daim inkişaf etmək, yeniliklər tətbiq etmək, ən yüksək nəticələrə nail olmaq və insanları daha böyük hədəflərə çatmağa ruhlandırmaq istəyi birləşdirir.
Formula 1 hazırda bütün dünyada misli görünməmiş populyarlıq artımı yaşayır. Çempionatı yüz milyonlarla azarkeş izləyir. İcma olaraq biz dünya idmanında ən sadiq, müxtəlif və dinamik auditoriyalardan birinə sahibik.
Nike idmanı, mədəniyyəti və ilhamı bir araya gətirməyi bacarır. Buna görə də inkişafımızın yeni mərhələsində Formula 1 üçün ideal tərəfdaşdır”.






Şərh əlavə et