Formula 1-də V8 mühərriklərinə qayıdış istiqamətində mühüm mərhələ geridə qalıb. FIA-nın açıqlamasına əsasən, qurum, FOM, komandalar və mühərrik istehsalçıları 2030-cu il mövsümündən tətbiqi planlaşdırılan yeni güc qurğusu qaydalarının əsas prinsipləri üzrə yekdil razılığa gəliblər.
FIA-nın təqdim etdiyi çərçivənin mərkəzində 2,1 litrlik turbokompressorlu V8 mühərrik dayanır. Yeni mühərrik arxitekturasında hazırkı güc qurğularının bəzi həndəsi xüsusiyyətlərinin qorunması nəzərdə tutulur. Əsas məqsəd isə indiki mürəkkəb sistemlərlə müqayisədə daha sadə, yüngül və ucuz mühərriklər yaratmaqdır.
Yeni dövrdə hibrid sistemlərin istifadəsinin məhdudlaşdırılması və qabaqcıl dayanıqlı yanacaq texnologiyalarının ön plana çıxarılması planlaşdırılır. FIA bu yanaşmanın pilotların trasda daha çox hücum etməsinə imkan verəcəyini, azarkeşlərin həsrətində olduğu mühərrik səsini geri qaytaracağını və idman mübarizəsini daha cəlbedici edəcəyini gözləyir.
Daha yüngül bolidlər və pilot bacarığına daha çox önəm
Dəyişikliklər yalnız güc qurğuları ilə məhdudlaşmayacaq. FIA-nın planına əsasən, V8 mühərrikləri dövründə şassi qaydaları da daha yüngül və çevik bolidlərin yaradılmasına imkan verəcək şəkildə yenilənəcək.
Bu yanaşmanın əsas məqsədlərindən biri pilot bacarığının daha çox ön plana çıxdığı və trasdakı mübarizənin daha sıx olduğu yarışlara şərait yaratmaqdır.
FIA-nın prezidenti Mohammed Ben Sulayem əldə olunan razılaşmanın Formula 1-in gələcəyini formalaşdırmaq baxımından mühüm dönüş nöqtəsi olduğunu bildirib: “Bu razılaşma Formula 1-in gələcəyini formalaşdırmaq baxımından mühüm dönüş nöqtəsidir. Əvvəldən məqsədim innovasiya və dayanıqlılıq sahələrində lider mövqeyimizi qorumaqla yanaşı, azarkeşlərimiz üçün daha rəqabətli və daha həyəcanlı idman yaratmaq olub.
V8 mühərriklərinin qayıdışı çempionatın öz DNT-si ilə yenidən qovuşması üçün fürsət yaradır. Bu, bütün dünyadakı azarkeşlərin sevdiyi mühərrik səsini, həyəcanı və saf yarış ruhunu geri qaytaracaq. Vizyonumuz aydındır: daha yüngül, daha sadə və daha ucuz bolidlər hazırlamaq, mübarizənin mərkəzinə isə pilot bacarığını yerləşdirmək.
Əməkdaşlıq edən hər kəsə təşəkkür etmək istəyirəm. Bu, mühüm addımdır və idmanımız üçün mümkün olan ən yaxşı gələcəyi birlikdə necə qura biləcəyimizi göstərir”.
Yekun qaydalar üçün FIA Ümumdünya Avtoidman Şurasının qərarı gözlənilir
2030-cu il üçün güc qurğusu qaydalarının əsas çərçivəsi ilə bağlı razılıq əldə olunsa da, proses hələ başa çatmayıb. Növbəti mərhələdə yekun texniki qaydaların gələn ay Şanxayda keçiriləcək FIA Ümumdünya Avtoidman Şurasının iclasına təqdim olunması planlaşdırılır.
FIA həmçinin açıqlanan bütün qayda dəyişikliklərinin qüvvəyə minməsi üçün Şuranın təsdiqindən keçməli olduğunu vurğulayıb.
Beləliklə, 2030-cu ildə 2,1 litrlik turbokompressorlu V8 mühərriklərdən istifadə ilə bağlı tərəflər arasında ortaq çərçivə formalaşıb. Lakin yekun texniki qaydaların təsdiqlənməsi üçün Şuranın qərarı gözlənilir.
Bununla belə, həmin təsdiq artıq sadəcə formal prosedur təsiri bağışlayır.






Şərh əlavə et