Maks Ferstappen sıralanma turunda Red Bull-un göstərdiyi performansdan razı qaldığını deyib.
Niderlandlı sürücü həftəsonu ərzində üzləşdikləri problemləri daha yaxşı anlamağa və mövcud avtomobil paketindən maksimum yararlanmağa çalışdıqlarını vurğulayıb.
Günün sonunda sıralanma turunu dəyərləndirən Maks Ferstappen belə danışıb: “Braziliyada da avtomobildə olan bəzi problemlərlə hələ də mübarizə aparıram. Lakin bu həftəsonu onları daha yaxşı anlamağa və əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.
Məncə, çox yaxşı sıralanma turu keçirdik. Q3-də hava koridorunun köməyi ilə vurduğum ilk dövrə, demək olar ki, edə biləcəyimin ən yaxşısı idi.
İlk start cərgəsində yer almaq bizim üçün olduqca yaxşı nəticədir”.
Sessiyanın ən böyük çətinliyinin nə olduğu barədə suala cavab verən Maks Ferstappen bildirib: “Trasın temperaturu və düzgün mövqedə olmaq…
Burada çoxlu düzlüklər var və bunu bacarmaq inanılmaz dərəcədə çətindir.
Amma məncə, hər şeyi yaxşı yerinə yetirdik. Buna görə də nəticədən razı qala bilərik”.






Şərh əlavə et