Bokslarda son yoxlamalar başa çatdıqdan sonra start siqnalı verilib və Las-Veqasda bir saatlıq son məşq sessiyası başlayıb.
Sessiyanın ilk dəqiqələrində avtomobilinin balansından şikayət edən Maks Ferstappen Franko Kolapinto ilə mübarizəyə girib. Kolapinto onu qabaqladıqdan sonra mövqeyini geri qaytarmağa çalışan Ferstappenin təhlükəli idarəetməyə görə araşdırılacağı bildirilib.
Sessiyanın ilk bölümündə Ayzek Hacar ən sürətli dövrəni vurub. Lakin Lando Norris qısa müddət sonra cavab verərək liderliyə yüksəlib və erkən tempi müəyyənləşdirib. Bir neçə dövrə sonra Ferstappen 1:36.147 nəticə göstərərək Norrisi geridə qoyub və birinci yerə qalxıb.
Sonrakı dəqiqələrdə Hacar da sürətini artıraraq 1:36.510-luq dövrə ilə ikinci pilləyə yüksəlib. Ferstappen isə nəticəsini 1:35.675-ə çatdıraraq liderliyini möhkəmləndirib.
Norris 1:36.403 nəticə ilə ikinci yerə yüksəlsə də, Hacar 1:36.187-lik dövrə ilə yenidən mövqeyini geri alıb. Bu cəhdlərdən sonra sürücülərin əksəriyyəti qaraja qayıdıb.
Sessiyanın ikinci yarısında Corc Rassell 1:35.124 nəticə ilə liderliyi ələ keçirib. Şarl Lekler isə 1:35.470-lik dövrə ilə ikinci yerdə qərarlaşıb.
Rəqabətədavamlı temp tapmaqda çətinlik çəkən Lyuis Həmilton 1:36.853 nəticə ilə 12-ci pillədə qərarlaşıb.
Son 20 dəqiqəyə daxil olarkən Ferrari və Haas pilotları ilə yanaşı Oskar Piastri də orta tərkibli təkərlərlə trasa çıxıb. Sürücülərin qalan hissəsi isə dövrələrini yumşaq təkərlərlə tamamlayıb.
Rassell bütün sektorlarda vaxtını yaxşılaşdıraraq 1:34.805 nəticə göstərib və liderliyini möhkəmləndirib. Komanda yoldaşı Kimi Antonelli isə ondan təxminən yarım saniyə geri qalıb.
Həmilton 1:36.311-lik dövrə ilə səkkizinci pilləyə yüksəlib. Ferstappen 15-ci döngədə trasdan kənara çıxıb və komanda radiosu vasitəsilə belə deyib: “Mühərrik məni sözün əsl mənasında trasdan kənara itələdi”.
Eyni döngədə Həmilton da iki dəfə təkərlərini bloklayıb.
Sessiyanın son 18-ci dəqiqəsində Liam Louson 1:35.313 nəticə ilə son sektorda ən sürətli vaxtı göstərib. Digər sektorlarda isə Rassell üstünlüyünü qoruyub və 1:34.306-lıq dövrə ilə öz nəticəsini yaxşılaşdırıb.
Sessiyanın son rübündə Norris 1:35.118 nəticə ilə Antonellini qabaqlayaraq ikinci yerə yüksəlib. Louson 1:35.402-lik dövrə ilə üçüncü pilləyə qalxsa da, Antonelli 1:35.131 nəticə ilə cavab verərək mövqeyini geri alıb.
Həmilton 15-ci döngədə daha bir dəfə təkərlərini bloklayaraq trasdan çıxıb. Norris 1:35.060-lıq dövrə ilə nəticəsini yaxşılaşdırsa da, ikinci yerdə qalıb. Pyer Qasli isə 1:35.443 nəticə ilə beşinci pilləyə yüksəlib.
Həmilton 1:35.434-lük dövrə ilə altıncı yeri tutub. 11-ci yerdə olan Piastri isə 1:35.804 nəticə göstərərək onuncu pilləyə yüksəlib.
Damalanmış bayraq dalğalandıqdan sonra Antonelli 1:34.952 nəticə ilə Norrisi qabaqlayaraq ikinci yerə yüksəlib.
Beləliklə, son məşq sessiyası Corc Rassellin liderliyi ilə başa çatıb. Kimi Antonelli ikinci, Lando Norris isə üçüncü olub.






Şərh əlavə et