Xəbəri Kokpitdə Oxuyun!

Pirelli Sinqapur gözləntilərini açıqlayıb

Üç mərhələdən ibarət ardıcıl seriyanı başa vuran Sinqapur Qran Prisi üçün Pirelli ötən il istifadə olunan təkər seçimlərini saxlayıb. Hard üçün C3, Medium üçün C4, Soft üçün isə C5 tərkibləri gətiriləcək.

Marina Bay şəhər trasının asfaltı kifayət qədər yüksək abrazivliyə malikdir. Tras yenidən asfaltlanmadığı üçün örtüyün vəziyyəti təxminən 2025-ci ildəki kimidir. Əgər hər hansı dəyişiklik baş veribsə də, bu, cüzi xarakter daşıyır. Həftəsonu ərzində asfaltın vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Lakin bu prosesə mümkün yağıntılar da təsir göstərə bilər. Buna görə də hava şəraiti asfaltla ilişmə səviyyəsində mühüm amillərdən biri olacaq.

Yarış axşam saatlarında projektorların işığında keçirildiyi üçün asfaltın temperaturu 30-35 dərəcə arasında dəyişəcək. Belə şəraitdə təkərlər adətən normal işləyir və həddindən artıq qızmaya meyil göstərmir.

Sinqapurda təkərlərə düşən mexaniki yüklər çox yüksək deyil. Buna görə də yeyilmə səviyyəsinin orta həddə olacağı gözlənilir. Bu proses əsasən arxa təkərlərdə özünü göstərəcək. Çünki çoxsaylı döngələrdən çıxarkən sürətlənmə zamanı məhz arxa təkərlər daha böyük yüklə üzləşir. Dənlənmə və yeyilmənin yarış məsafəsində təkərlərin işinə ciddi təsir göstərməsi gözlənilmir.

Bütün bu amilləri nəzərə alan Pirelli mütəxəssisləri optimal strategiyanın bir pit-stoplu variant olacağını düşünür. Buna pit-leyndə vaxt itkisinin çox olması və yarışın neytrallaşdırılması ehtimalının yüksək olması da təsir edir. Maneələrin trasa çox yaxın, qaçış zonalarının isə olduqca kiçik olduğu şəhər traslarında bu amili həmişə nəzərə almaq lazımdır.

Qran Pri məsafəsində komandaların əsasən Hard və Medium təkərlərdən istifadə edəcəyi gözlənilir. Lakin bəzi pilotların Soft təkərlərə üstünlük verməsi də istisna edilmir.

Budapeşt, Monza və Bakı mərhələlərində bu tərkib kifayət qədər uğurla istifadə olunub. C5 təkərləri yarış tempini yüksək səviyyədə saxlamağa imkan verib və eyni zamanda orta səviyyədə yeyilməyə məruz qalıb. Sinqapurun şəhər trasında isə C5-in bu xüsusiyyətləri daha da əhəmiyyətli ola bilər.

Bundan əlavə, Pirelli qeyd edir ki, yeni nəsil bolidlər Soft təkərlərlə daha yaxşı işləyir. Buna 2026-cı ildə istifadə olunan tərkiblərin xüsusiyyətləri də kömək edir. Nəticədə C5 daha çox dövrə qət etməyə və daha yüksək temp saxlamağa imkan verir.

Buna görə də şənbə günü keçiriləcək sprint yarışının startında bəzi bolidlərdə qırmızı işarəli Soft təkərləri görsək, təəccüblənməməliyik. Ümumilikdə C5 tərkibindən kifayət qədər fəal istifadə olunacağı gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et