Yarışa dördüncü yerdən başlayan britaniyalı pilot orta tərkibli təkərlərlə start götürmək qərarının və virtual təhlükəsizlik avtomobili rejimində pit girişini qaçırmasının podium şansına təsir etdiyini deyib.
Fərqli strategiya sınamaq istədiyini bildirən Həmilton belə danışıb: “Yarışda əldə etdiyimiz nəticəyə layiq deyildik və buna görə tamamilə mən günahkaram.
Ötməyin çətin olduğu trasda fərqli bir şey sınamalısınız. Mən də bir pit-stop strategiyasını həyata keçirmək üçün yarışa yeni Medium tərkibli təkərlərlə başlayıb uzun bir hissə qət etməyə çalışdım. Təəssüf ki, Medium tərkibli təkərlər Soft təkərlər qədər yaxşı performans göstərmədi.
İkinci hissədə yaxşı çıxış etdim və tempim yenidən bərpa olundu. Lakin ehtiyac duyduğum fürsətləri tapa bilmədim”.
Yarışın dönüş nöqtəsi olan virtual təhlükəsizlik avtomobili rejimini və sonrakı hadisələri dəyərləndirən Hamilton sözlərini belə davam etdirib: “Virtual təhlükəsizlik avtomobili rejimində komanda məni pitə çağırdı, lakin mən pit girişini qaçırdım.
Bundan sonra trasda qalmağa və yarışın sonuna qədər mövqeyimi qorumağa qərar verdim. Ancaq son dövrələrdə təkərlərin aşınması ilə bağlı inanılmaz çətinlik yaşadım və üç mövqe itirərək yarışı altıncı yerdə başa vurdum. Bu nəticə bu gün boliddə malik olduğumuz tempi qətiyyən əks etdirmir”.
Baş verənlərdən dərs çıxardığını bildirən Həmilton komandadan üzr istəyib və açıqlamasını belə tamamlayıb: “Bu yarış mənim üçün acı bir dərs oldu, lakin qəbul etdiyim qərarların bütün məsuliyyətini üzərimə götürürəm.
Hər qərar müsbət nəticələnməyə bilər. Səhv etdiyimi qəbul edə bilərəm, amma bu gün itirdiyimiz xallara görə komanda adından çox üzgünəm. Komandadakı hər kəs hər yarış həftəsonu böyük zəhmət çəkir. Mən də onlar üçün daha artığını etmək istəyirdim. İşləməyə davam edəcəyəm və növbəti yarışa mübarizə apararaq qayıdacağam”.




Şərh əlavə et