Red Bull Nevada ştatında ön qanadın yan lövhəsində etdiyi kiçik dəyişikliyi saydpodlarda aparılan yeniliklərlə birləşdirib.
Bu dəyişikliklər bolidin burun hissəsindən altlığına qədər hava axınını yaxşılaşdırıb. Nəticədə Ferstappen hava koridoru təsirinin güclü olduğu 50 dövrə ərzində rəqabət qabiliyyətini qoruya bilib.
FIA-nın 19 noyabr tarixli 9 nömrəli rəsmi sənədi Red Bull-un rəqiblərindən nə dərəcədə fərqli yanaşma seçdiyini göstərib.
Mercedes hava müqavimətini azaltmaq üçün arxa qanadcıqları çıxarıb, güzgü dayaqlarını nazildib və mühərrik qapağındakı çıxışı daraldıb. Ferrari döşəmənin ön kənarını optimallaşdırıb. Red Bull isə FIA-ya yalnız bir yenilik barədə məlumat verib: “Performans – Lokal Yük” kateqoriyasına aid edilən ön qanad yan lövhəsində qanadcığın yerinin dəyişdirilməsi.
Red Bull FIA-ya təqdim etdiyi sənəddə belə bildirib: “Ön qanadın yan lövhəsində döşəmənin alt hissəsi ətrafındakı hava axınının sabitliyini və bu hissənin arxasındakı səthlər boyunca axının nizamını daha yaxşı qorumaq üçün qanadcıq aşağı salınıb, onun xord uzunluğu azaldılıb”.
Red Bull ön qanadın yan lövhələrini sonuncu dəfə sentyabrda Bakıya gətirdiyi genişmiqyaslı yenilik paketi çərçivəsində dəyişmişdi.
Las Veqas üçün mühəndislər qanadcığı şaquli yan lövhədə daha aşağı yerləşdirib və uzunluğunu azaldaraq daha yığcam formaya salıblar. Bu həll Racing Bulls-un daha əvvəl istifadə etdiyi dizayna da böyük ölçüdə bənzəyib.
Kiçik görünməsinə baxmayaraq, qanadcıq üç mühüm iş görür: ön oxda asfaltayatma qüvvəsinə töhfə verir, ön təkərlərin yaratdığı turbulent hava axınını kənara yönəldən burulğanlar əmələ gətirir. Həmçinin təkərin üstündən keçən hava axınını onun yanından keçən axından ayıraraq bolidin yanları boyunca daha təmiz hava axını yaradır.
Qanadcığın digər mühüm üstünlüyü 2026-cı ilin aktiv aerodinamika qaydaları çərçivəsində təmin etdiyi sabitlikdir. Ön qanadcıqların bucağı dəyişəndə bolid düzlüklər və döngələr üçün nəzərdə tutulan rejimlər arasında keçir. Yenilənmiş qanadcıq həmin qəfil keçid zamanı hava axınının sabit qalmasına kömək edir.
Ön hissədəki bu dəyişiklik təkbaşına həyata keçirilməyib.
Red Bull Bakıda daha hündür və nazik saydpodlarla yanaşı, yenilənmiş altlıq və diffuzor dizaynından istifadə etməyə başlamışdı. Dörd həftə sonra Mexikoda mühəndislər saydpodla altlığın birləşdiyi hissəni dəyişiblər. Bu yenilik FIA-nın 30 oktyabr tarixli 12 nömrəli sənədində də əks olunub.
Bu dəyişiklik zamanı Bakıdan əvvəlki yenilik paketinin əyri alt gövdə quruluşu Bakıda istifadə olunan daha hündür saydpodun üst hissəsi ilə birləşdirilib. Beləliklə, altlığın kənarındakı kanal bağlanıb, radiator girişinin altındakı lokal asfaltayatma qüvvəsi bərpa edilib və hava axınının sabitliyi qorunmağa çalışılıb.
San Paulu və Las Veqasda dəyişdirilmədən istifadə olunan bu hibrid alt saydpod quruluşu Red Bull-un əvvəlki problemlərinə də işarə edib. Alt gövdəyə əlavə edilən daxili konstruktiv konusların yüksək aerodinamik yük altında panellərin deformasiyasının qarşısını almaq üçün istifadə olunduğu düşünülür.
Nevadada ön qanadın yeni yan lövhəsinin səmərəsini yoxlamaq Red Bull üçün asan olmayıb. Yağış ilk iki məşqdə quru trasla bağlı əhəmiyyətli məlumat toplamağa imkan verməyib. Buna görə komanda diqqətini quru trasda keçirilən üçüncü məşqdəki müqayisələrə yönəltməli olub. Ayzek Həcərin sessiyanın ortasında qanadı dəyişməsi də qiymətləndirmələrə daxil edilib. Red Bull sıralanma və yarış üçün aşağı salınmış qanadcıq dizaynını hər iki boliddə istifadə etməyə qərar verib.
Sıralanmadan əvvəl edilən son tənzimləmələr Red Bull-a həlledici anda yenilik paketindən səmərə götürməyə imkan verib. Ferstappen Q3-də Andrea Kimi Antonellidən 0.258 saniyə geri qalaraq ikinci ən yaxşı nəticəni göstərib. Mercedes sürücüsü start düzümündə beş yerlik cəza aldıqdan sonra yarışa birinci yerdən başlayan Ferstappen Mercedes və McLaren sürücüləri qarşısında üstünlüyünü qoruyub və qələbə qazanıb.
Ümumi mənzərə də Red Bull-un inkişafını göstərir. Komandanın əsası Bakıda qoyulan yenilik paketindən istifadə etməyə başlamasından bəri Ferstappen ardıcıl yeddi Qran Pridə podiuma çıxıb və 2026-cı il mövsümündəki dörd qələbəsinin hamısını bu müddətdə qazanıb.







Şərh əlavə et