Ferrari-nin komanda rəhbəri Fred Vassyör Las Veqas Qran Prisindən sonra sürücülər arasındakı gərginliyi nəzarətdə saxlamaq üçün daha konkret addımlar atmağı nəzərdən keçirir.
Vassyör bu problemi daha əvvəl San Paulu Qran Prisindən qabaq həll etməyə çalışıb. Fransalı rəhbər Şarl Lekler və Lyuis Həmiltonla ayrıca görüşüb. Hər iki sürücü trasdakı mübarizə və komandanın göstərişlərinə əməl olunması barədə qeyri-rəsmi razılığa gəlib.
Bu razılıq McLaren-də tətbiq edilən və ictimaiyyət arasında «Papaya qaydaları» kimi tanınan yanaşmaya bənzəyib. Lakin Ferrari-də rəsmi daxili qaydalar hazırlamaq əvəzinə şifahi razılaşmaya üstünlük verilib.
Razılaşmanın məqsədi sürücülərin trasda bir-biri ilə mübarizə aparmaq azadlığını qorumaq, bunun qarşılıqlı hörmət çərçivəsində baş verməsini və komandanın qərarlarına əməl olunmasını təmin etmək olub. Vassyör də rəsmi məhdudiyyətlərə əl atmadan komanda daxilində nizam-intizamı bərpa etməyi hədəfləyib.
Lakin Las Veqasda baş verənlər şifahi razılaşmanın kifayət etmədiyini göstərmiş kimi görünür.
Mövcud məlumata görə, Vassyör pozulduğu təqdirdə sanksiyaların tətbiq oluna biləcəyi daha əhatəli qaydalar müəyyənləşdirməyi nəzərdən keçirir. Bu qaydaların təkcə Lekler və Həmiltonun trasdakı mübarizəsini deyil, komanda radiosundakı ünsiyyətini və pit divarından verilən göstərişlərə əməl etmək öhdəliyini də əhatə edəcəyi gözlənilir.
Mümkün sanksiyalar hələ dəqiqləşməyib. Lakin şifahi razılaşmadan icrası məcburi olan qaydalara keçid Ferrari-nin sürücüləri ilə münasibətlərdə daha sərt mövqe tutacağına işarə edir.
Las Veqas Qran Prisindən sonra sürücülərinin onu məyus etdiyini düşünən Vassyörün Ferrari-nin maraqlarının şəxsi hədəflərdən üstün tutulmalı olduğunu bir daha xatırlatmaqda qərarlı olduğu bildirilir.






Şərh əlavə et