Las Veqas Qran Prisinin son məşqində Maks Ferstappenlə Corc Rassellin təması ilə başlayan gərginlik sıralanmadan sonrakı açıqlamalarla böyüyüb, yarışın son dövrəsində britaniyalı sürücünün baryerlərə çırpılması ilə yeni mərhələyə keçib. Sıralanmadan sonra niderlandlı sürücünü rəqiblərinə qarşı zorakılıqda ittiham edən Rassell Ferstappenin qələbəsindən sonra onun sərt sözləri ilə üzləşib.
F1 Nation podkastında mövzunu dəyərləndirən şərhçi Colion Palmer Ferstappenin trassda qüsursuz çıxış etdiyini, Rassellin isə yarış başlamazdan əvvəlki davranışı ilə öz üzərində lazımsız təzyiq yaratdığını bildirib: Colion Palmer: “Corc qorxudulmaqdan və sürücülərə qarşı zorakılıqdan danışır. Məncə, Maks bunu bəzən yarış zəkası çərçivəsində, ədalətli şəkildə edib.”
“Maks avtomobilinin burnunu içəri salanda Corcun tərəddüd edib geri çəkildiyi görünürdü. Digər həlledici məqam formalaşma dövrəsi olub. Corc dövrənin yarısı boyunca öndə gedib və bu, çox qəribə idi. Güman edirəm, bir az güc nümayiş etdirmək istəyib. Amma bunun Maksa nə dərəcədə təsir etdiyini bilmədiyim üçün Corcun sanki özü ilə psixoloji oyun oynadığını düşündüm.”
“Maksın səviyyəsi son dərəcə yüksəkdir, Corc isə təəssüf ki, karyerasının ən çətin mövsümünü keçirir. Buna görə də Ferstappenin sözlərini qəbul etmək onun üçün çətin olacaq.”
Palmerin təhlili ilə razılaşan F1 TV şərhçisi Aleks Jak vurğulayıb ki, Rassell media qarşısında lazımsız manşetlərə səbəb olmağı dayandırmalı və komanda yoldaşından geri qaldığı məqamlara diqqət yetirməlidir: Aleks Jak: “Corcun formalaşma dövrəsində bunları etməsinə və ya psixoloji oyunlara girişməsinə heç ehtiyac yox idi.”
“Məşqdə baş verən bir hadisə barədə bu qədər asanlıqla manşetlik sözlər deməməlidir. Mümkün qədər çox şey öyrənməli, nəticələrini yaxşılaşdırmalı, komanda yoldaşı ilə müqayisədə harada geri qaldığını anlamalı və mövsümü güclü başa vurmağa diqqət yetirməlidir.”
“Corc sıralanmadan sonra mətbuata gedib həmin sözləri deməsəydi, Maks da, əlbəttə, bu açıqlamaları verməzdi.”
“Nəticədə Maks bütün ustalığını göstərərək çətin keçən yarışda qalib gəlib. Corc isə baryerlərə çırpılıb, üstəlik, bu sərt sözləri də eşidib.”







Şərh əlavə et