Ferrari Las Veqas Qran Prisində hər iki pilotunun iştirak etdiyi insidentdən sonra komanda daxilindəki gərginliyi yenidən gündəmə gətirib. Şarl Leklerin Lyuis Həmiltonla təması nəticəsində 10 saniyəlik cəza alması komandanın rəhbəri Fred Vassyörün sərt açıqlamalarına səbəb olub.
Sky Sports-a müsahibə verən Vassyör Leklerə Həmiltonu ötməyə çalışmamaq və qarşılarındakı rəqiblərə çatmağa fokuslanmaq barədə açıq göstəriş verdiklərini bildirib.
Fred Vassyör hadisəni belə şərh edib: “Bunlar qəbuledilməzdir. Leklerə Həmiltonu ötməyə çalışmamasını və qarşımızdakı bolidləri yaxalamağa fokuslanmağımızı açıq şəkildə demişdik. Lekler bütün komandanı cəzalandıran səhvə yol verdi və bu, qətiyyən qəbuledilməzdir. Xüsusilə Meksikada baş verənlərdən və Braziliyada apardığımız bütün müzakirələrdən sonra belə olmamalı idi!”
Vassyör insidentdən sonra Leklerlə bağlı müəyyən qərarların qəbul ediləcəyini də təsdiqləyib: “Bolidi nə mən, nə də mühəndislər idarə edirik. Əlbəttə, müəyyən tədbirlər görməli və qərarlar qəbul etməliyik. Amma bunu bu axşam etməyəcəyik. Sakit qalmalı, sonra lazımi addımları atmalıyıq. İki min insanın əməyini bu şəkildə boşa çıxarmaq olmaz. Podiuma yüksəlmək potensialımız var idi”.
Vassyörün açıqlamalarında ən diqqətçəkən məqam isə Həmiltonla Lekler arasındakı münasibətlərlə bağlı fikirləri olub:“Gərginlik, şübhəsiz ki, artır. Son vaxtlar aralarındakı vəziyyət idarəolunmaz həddə çatır. Nəticədə, onların arasında şəxsi anlaşılmazlıq var. Problem komanda ilə pilotlar arasında deyil. Onlar bir-birlərinə hörmət etməlidirlər. Eyni zamanda komandaya da hörmət göstərməlidirlər.
Bazada, evlərində və komandada çalışan hər kəsin adından son dərəcə məyusam. Bunu qəbul etmək həqiqətən çox çətindir. Hər kəs qələbə qazanmaq üçün böyük əmək sərf edir. Bu gün yarış zamanı bir-birlərinə qarşı mübarizə aparmaq əvəzinə komandanı düşünməli olduqları barədə mesaj vermişdik. Nəticədə gördüyümüz mənzərə isə bu oldu.
Lyuislə müqavilə bağlayarkən vəziyyətin bu həddə çatacağını təsəvvür etməmişdim”.






Şərh əlavə et