Əli dəydi, poul aldı!

Rauf Hacıyev 17 minutes əvvəl
Əli dəydi, poul aldı!
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Kimi Antonelli Las Veqasda səssiz-sədasız poul qazandı. Ferstappen, Rassell və Norris üçlüyü isə sıralanma turuna xeyli hay-küylə rəng qatdı. Biri hava kisəsi istədi, digəri Alpine pilotları ilə siçan-pişik oynadı. Amma bütün bu səs-küyün içində sakitliyini qoruyan, son dövrəsinə finişə cəmi bir saniyə qalmış başlayan Antonelli oldu. İtalyan pilot poulun sahibi kimi görünsə də, cəzası səbəbindən ilk yerdən yarışa Ferstappen başlayacaq.

 

Antonellinin poulunu bir az da fərqli edən məqam isə onun bu nəticəyə necə çatmasıdır. Mercedes-in əsas ümidi Corc Rassell idi. Lakin Alpine pilotlarının araya girməsi Rassellin hava kisəsindən istifadə etmək şansını azaltdı. Vaxt da getdikcə daralırdı və Mercedes qarajında planlar dəyişməli oldu. Antonelli isə trasda bir neçə pilotun hava kisəsindən yararlanaraq ən sürətli dövrəni vurdu. Bəlkə də heç özü də bunu bu şəkildə planlaşdırmamışdı. Bir sözlə, əli dəydi, poul aldı! Bədən dili də sanki bunu deyirdi.

Maks Ferstappenə gəlincə, görünür, mövsümün ikinci yarısında 2023-cü il rejimini yenidən işə salıb. Sabah startda onun “mehriban düşməni” Rassell ilə maraqlı mübarizə gözləyirik. Red Bull-un startlarda o qədər də güclü olmadığını nəzərə alsaq, Ferstappen ilk döngələrdə mövqeyini itirə bilər. Rassell onu keçərsə, Bakıdakı kimi uzun və gərgin mübarizəyə şahid ola bilərik.

McLaren isə bu qədər düzlükləri olan trasda məni təəccübləndirdi. Komanda əsas performansını yenə döngələrdə tapdı, düzlükdə isə rəqiblərinə xeyli vaxt uduzdu. Buna baxmayaraq, Las Veqasda ən sürətli üçüncü komanda təsiri bağışladılar. Ferrari-nin təkərləri qızdırmaqla bağlı problemləri olmasaydı, yəqin ki, McLaren yenə dördüncü yerdə qalacaqdı. Amma bu dəfə papayya rəngli maşınlar düzlüklü trasda da özlərini kifayət qədər inamlı göstərdilər.

Keçək Ferrari-yə. Braziliyada təkərləri lazımi temperatura çatdıra bilməyən komanda Las Veqasda da eyni problemlə üzləşdi. Üstəlik, motorla bağlı çətinliklər də əlavə olundu və nəticədə Ferrari bütövlükdə Q2-də mübarizədən kənarda qaldı. Həmilton üçün isə Las Veqas sıralanma turu yenə uğursuz keçdi. Britaniyalı pilotun burada indiyədək ən yaxşı start mövqeyi 10-cu yer olub. Las Veqas şəhəri Həmiltonun xarakterinə, həyat tərzinə uyğun gələ bilər, amma görünür, bu trasla aralarında heç bir sevgi münasibəti yaranmayacaq.

Bir də son günlərin əsas mövzusuna qayıdaq: V8 mühərriklərinin Formula 1-ə dönüşünə. 2030-cu ildən etibarən 2,1 litrlik V8 mühərriklərin istifadəsi nəzərdə tutulur. Əlbəttə, bunlar 2006–2013-cü illərdə gördüyümüz V8-lərin eynisi olmayacaq. Texnologiya dəyişib, Formula 1 də əvvəlki Formula 1 deyil. Amma mən bunu gələcək üçün müsbət addım sayıram. Bəlkə də bu qərar bizi tədricən atmosfer mühərriklərinə, hətta bir gün V10-lara da yaxınlaşdırar. Ən azı, idmanın mühərrik səsinə və xarakterinə qayıtmaq istədiyini görmək xoşdur.

Sabah yenə favoritlərin bir qisminin gerilərdən başladığı yarış izləyəcəyik. Ferrari Braziliyadan sonra ikinci dəfə ardıcıl olaraq ilk onluqdan kənarda qalır. Antonelli isə altıncı yerdən start götürəcək. Amma diqqət mərkəzində təkcə qələbə mübarizəsi olmayacaq. Çempionatın ikinciliyi uğrunda da ciddi savaş gedir. Bu mübarizənin üç iştirakçısı – Maks, Corc və Lando – ön sıralardan, digər iki namizəd – Şarl və Lyuis isə daha geridən başlayacaqlar.

Belə mənzərədə bazar günü səhər tezdən oyanmağa dəyər. Las Veqas gecəsi bu dəfə də bizə yuxu verməyəcək!

Bunları da oxuyun

Şərh əlavə et