Yarışdan əvvəl havanın temperaturu 11, asfaltın temperaturu isə 14 dərəcə olub. Berman, Louson və Antonelli Medium tərkibli təkərlərlə start alıblar. Digər pilotlar isə Soft təkərlərə üstünlük veriblər. Aleks Elbonun əyləc sistemində yaranan həddindən artıq qızma problemi səbəbindən yarışa qatılmayacağı açıqlanıb.
Liam Lousonun da yanacaq sistemindəki nasazlığa görə yarışa start düzülüşünün ən arxasından başlayacağı bildirilib.
Formasiya dövrəsindən sonra pilotlar start düzülüşündəki yerlərini tutublar və işıqların sönməsi ilə 50 dövrəlik Las Veqas yarışı başlayıb.
Maks Ferstappen yaxşı start alaraq poul mövqeyini qoruyub. Kimi Antonelli isə startda mövqelər itirib. İlk dövrənin sonlarına doğru Ayzek Hacar Lando Norrisi geridə qoyaraq Corc Rassellin arxasında üçüncü yerə yüksəlib. Karlos Sayns da uğurlu start alaraq orta qrupda mövqeyini yaxşılaşdırıb.
İkinci dövrədə Rassell Ferstappenin hava koridorundan istifadə edərək döngəyə əyləclənmə zamanı liderliyi ələ keçirib. Lakin Ferstappen növbəti döngədə eyni üsulla cavab verərək mövqeyini geri alıb.
Dördüncü dövrənin əvvəlində Hacar Rasselli qabaqlayaraq komanda yoldaşının arxasında ikinci yerə yüksəlib. Rassell bir neçə döngə sonra mövqeyini geri qaytarsa da, Hacar yenidən hücuma keçərək ikinci yeri qoruyub.
Arvid Lindblad xarici trayektoriyadan istifadə edərək Norris və Rasselli eyni anda qabaqlayıb və iki mövqe qazanıb. Lakin Rassell hava koridorundan yararlanaraq mövqeyini geri alıb. Lyuis Həmilton da Antonellini keçərək altıncı yerə yüksəlib.
Yeddinci dövrədə Rassell Hacarı qabaqlamağı bacarıb, amma bir neçə döngə sonra mövqeyini yenidən itirərək üçüncü yerə geriləyib.
Doqquzuncu dövrədə Rassell Hacarı bir daha keçərək ikinci yerə yüksəlib. Pyer Qasli də Lindbladı geridə qoyaraq dördüncü yeri tutub.
Onuncu dövrədə Rassell Ferstappeni qabaqlayaraq qısa müddətə liderliyi ələ keçirib. Lakin Ferstappen növbəti döngədə əks-hücumla mövqeyini geri qaytarıb.
On birinci dövrənin sonunda Həmilton Norrisi keçərək yeddinci yerə yüksəlib. Bu ötmədən sonra komanda yoldaşı Şarl Leklerlə kiçik mübarizəyə girən Həmilton əvvəlcə mövqeyini itirib, amma qısa müddət sonra onu geri alıb.
Franko Kolapinto döngəyə girişdə McLaren pilotlarının hər ikisini qabaqlayaraq doqquzuncu yerə yüksəlib. Lakin Oskar Piastri bir qədər sonra mövqeyini geri qaytarıb. Norris isə 11-ci yerdə qalıb.
14-cü dövrədə Rassell yenidən liderliyi ələ keçirib, amma Ferstappen növbəti döngələrdə cavab verərək birinci yeri geri alıb.
Həmilton Norrisi keçərkən trasın hüdudlarından kənara çıxdığı üçün 10 saniyəlik cəza alıb. Cəza barədə məlumatlandırıldıqdan sonra britaniyalı pilot narazılığını gizlətməyib: “Bu, cəfəngiyatdır. Trasdan kənara çıxmasaydım, qəza baş verəcəkdi”.
20-ci dövrədə Kamara döngəyə xarici trayektoriyadan daxil olarkən daxili trayektoriyada olan Serxio Pereslə toqquşub. Nəticədə Peres yarışı dayandırmalı olub. Hadisədən sonra təhlükəsizlik avtomobili trasa çıxıb və pilotların əksəriyyəti pit-stop edib. Antonelli, Berman, Kamara, Bottas, Louson və Hacar yumşaq təkərlərə keçiblər. Digər pilotlar isə orta tərkibli təkərlərlə trasa qayıdıblar.
Pit yolundan çıxışda Rassell Hacarı qabaqlayaraq ikinci yerə yüksəlib. Həmilton isə 10 saniyəlik cəzasını çəkdikdən sonra 14-cü yerə geriləyib.
Təhlükəsizlik avtomobilinin arxasında hərəkət edərkən Lindblad ön təkərlərin ilişməsini itirib, fırlanaraq qəza edib. Nəticədə britaniyalı pilot yarışı vaxtından əvvəl başa vurub.
25-ci dövrədə təhlükəsizlik avtomobili trasa qayıdıb və yaşıl bayraqların dalğalanması ilə mübarizə davam edib.
Həmilton Bermana hücum edərək 13-cü yerə yüksəlib. Hacar isə ön qanadını zədələyərək sürətlə mövqelər itirməyə başlayıb. Zədənin təsiri ilə pitə daxil olan pilot ön qanadını dəyişdikdən sonra Lousonun arxasında, sonuncu yerdə trasa qayıdıb.
Həmilton daha sonra Qabriel Bortoleto və Saynsı da qabaqlayaraq doqquzuncu yerə yüksəlib.
29-cu dövrədə Rassell Ferstappeni bir daha keçib, lakin Red Bull pilotu mövqeyini yenidən geri qaytarıb. Növbəti dövrədə Ferstappen rəqibi ilə arasındakı fərqi bir qədər artırsa da, dövrənin sonuna yaxın Rassell yenidən ona yaxınlaşıb.
Lando Norris Qaslini qabaqlayaraq üçüncü yerə yüksəlib. 14-cü döngədə Rassell bir daha liderliyi ələ keçirib. Ferstappen isə növbəti dövrənin ikinci döngəsində britaniyalı pilotu yenidən keçib.
33-cü dövrədə Lekler və Həmilton yanaşı hərəkət etsələr də, mövqelər dəyişməyib. Antonelli isə Qaslini qabaqlayaraq dördüncü yerə yüksəlib. Rassell və Ferstappen arasında liderlik uğrunda mübarizə davam edib. Bu dəfə Ferstappen mövqeyini geri alarkən Norris də fürsətdən istifadə edərək Rasselli keçib və ikinci yerə yüksəlib.
35-ci dövrədə Piastri Antonellini qabaqlayaraq dördüncü yerə yüksəlib. Rassell isə Norrisi keçərək yenidən ikinci yeri tutub.
36-cı dövrənin sonlarında Antonelli Piastrini qabaqlayaraq üçüncü yerə yüksəlib.
38-ci dövrədə Həmilton xarici trayektoriyadan hücum edərək komanda yoldaşı Şarl Leklerlə yanaşı gəlib. Lakin növbəti döngədə Ferrari pilotları toqquşublar və Həmilton fırlanıb. Trasa qayıdan britaniyalı pilot Saynsın arxasında, onuncu yerdə qərarlaşıb.
Antonelli də komanda yoldaşını qabaqlayaraq Soft təkərlərlə ikinci yerə yüksəlib. 39-cu dövrədə Ferstappeni keçərək liderliyi ələ keçirib. Lakin Ferstappen 40-cı dövrənin əvvəlində mövqeyini geri qaytarıb.
Norris Rasselli qabaqlayaraq üçüncü yerə yüksəlib və Rassell 41-ci dövrədə podiumdan kənarda qalıb. Antonelli yenidən Ferstappeni keçərək liderliyə yüksəlib. Ancaq bu dəfə niderlandlı pilot xarici trayektoriyadan hücum edərək mövqeyini geri alıb.
42-ci dövrədə Şarl Lekler Həmiltonla toqquşmaya görə 10 saniyəlik cəza alıb.
Sonrakı dövrələrdə də liderlik Antonelli ilə Ferstappen arasında dəfələrlə əl dəyişdirib. Lakin hər dəfə son sözü Ferstappen deyib. Antonelli ötmələr etsə də, qazandığı mövqeyi qoruya bilməyib.
47-ci dövrədə Piastri Norrisi qabaqlayaraq dördüncü yerə yüksəlib.
48-ci dövrədə Rassell komanda yoldaşını keçmək üçün hücuma keçib, lakin əyləclənmə zamanı təkərləri kilidləyərək divara toxunub. Hadisədən sonra doqquzuncu yerə geriləyən Rassell podium şansını itirib. O, Həmiltonun da arxasında qalıb.
49-cu dövrədə Antonellinin tempi qəfil aşağı düşüb. O, qısa müddət ərzində McLaren pilotlarının hər ikisinə mövqeyini uduzaraq podiumdan kənarda qalıb. Norris Ferstappenin arxasında ikinci yeri tutub, Piastri isə üçüncü yerə yüksəlib. Antonelli Qasliyə də keçilərək beşinci yerə geriləyib.
Damalı bayrağın dalğalanması ilə Ferstappen üstünlüyünü qoruyaraq çətin mübarizənin qalibi olub. Norris ikinci, Piastri isə üçüncü yeri tutaraq podiumu tamamlayıb.






Şərh əlavə et